HİKMƏT VƏ ƏXLAQ NURUNA BOYANMIŞ ÖMÜR

HİKMƏT VƏ ƏXLAQ NURUNA BOYANMIŞ ÖMÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan elmi və ictimai fikir tarixində silinməz iz qoymuş şəxsiyyətlər sırasında Əsmətxanım Məmmədova özünəməxsus yeri ilə seçilir. Onun həyat yolu yalnız bir insanın bioqrafiyası deyil, bütövlükdə elmə, maarifçiliyə, milli-mənəvi dəyərlərə və insanpərvərliyə xidmətin parlaq nümunəsidir. Səksən beş illik yubileyi münasibətilə bu görkəmli ziyalının həyat və fəaliyyətinə nəzər saldıqda qarşımızda zəhmət, iradə, ziyalılıq məsuliyyəti və mənəvi bütövlüklə yoğrulmuş bir ömür canlanır.

Elm insanın yalnız intellektual inkişafını təmin etmir, eyni zamanda onun şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Əsmətxanım Məmmədovanın həyat fəlsəfəsinin mərkəzində də məhz elm və bilik dayanır. Onun elmi fəaliyyəti çoxşaxəli və məhsuldardır. Alim “Fars dilinin orfoqrafiyası”, “Oxu və tərcümə materialları”, “Lətifələr, hikmətli hekayələr və tapmacalar”, “Tərcümə mətnləri” kimi dərs vəsaitlərinin müəllifidir. O, fars dilində vurğu problemləri və Nizami Gəncəvi yaradıcılığı üzrə filoloji tədqiqlərlə bağlı dəyərli monoqrafiyaların müəllifi kimi də tanınır. Bununla yanaşı, qələmini tərcümə sahəsində sınayan alim müasir fars nəsrinə aid ondan artıq kitabı Azərbaycan dilinə çevirmişdir. Bu sırada Məhəmməd Ramazaninin “Kaktus” və ya “Əl vurmaq qadağandır”, Məhəmməd Babaxaninin əsərlər toplusu, Vəcihə Əliəkbər Samaninin “Son dayanacaq”, Şükufə Qaseminin “Bal kimi şirin hekayələr”, eləcə də Fidan Nəsirova ilə birgə hazırladığı “Atalar sözlərimizin sirri” adlı nəşr xüsusi qeyd olunmalıdır.

Bakı Dövlət Universitetinin tanınmış müəllimi kimi dosent Əsmətxanım Məmmədovanın pedaqoji fəaliyyəti də elmi yaradıcılığı qədər əhəmiyyətlidir. Onun novator tədris yanaşması, tələbələri ilə birgə həyata keçirdiyi tərcümə işləri və gənclərə aşıladığı tədqiqatçılıq ruhu fakültə tarixində mühüm yer tutur. O, 2009-cu ildə Bakı Dövlət Universitetinin qrant müsabiqəsində “Fars dilində omofon və omoqraf probleminə dair” mövzusu ilə iştirak etmiş və mükafata layiq görülmüşdür.

Alimin yaradıcılığının əsas istiqamətlərindən biri dilin fonetik və qrafik quruluşunun araşdırılmasıdır. O, ərəb əlifbası əsasında formalaşan fars dilində yazı və tələffüz arasında mövcud olan fərqləri sistemli şəkildə təhlil etmiş, bu sahədə nəzəri-praktik əhəmiyyət daşıyan nəticələr əldə etmişdir. Bu nəticələr hazırda onun “Fars dilinin izahlı omofonlar lüğəti” istiqamətdə apardığı uzunmüddətli elmi axtarışların məntiqi davamı kimi dəyərləndirilə bilər. Əsmətxanım Məmmədova respublika və beynəlxalq elmi konfranslarda fəal iştirak etmiş, yüzdən artıq elmi məqalə və ictimai-siyasi məzmunlu çıxışlarla akademik və ictimai mühitdə nüfuz qazanmışdır. O, Bakı Dövlət Universitetinin Elmi Şurasının üzvü, bir sıra jurnalların redaksiya heyətinin üzvü və ekspertidir.

Əsmətxanım Məmmədovanın elmi dünyagörüşü onun söylədiyi bu fikirdə aydın ifadə olunur: “Elm insanın yalnız biliyini deyil, onun mənəviyyatını da formalaşdırır. Əgər elm insanı kamilləşdirmirsə, o zaman o, hələ həqiqi elm deyil” Bu fikir onun bütün həyat yolunun ideya xəttini müəyyənləşdirir. Erkən yaşlarından elmə olan marağı zaman keçdikcə məqsədyönlü və sistemli fəaliyyətə çevrilmiş, o, filologiya sahəsində apardığı araşdırmalarla Azərbaycan elminə mühüm töhfələr vermişdir.

Onun elmi yaradıcılığı yalnız nəzəri müstəvi ilə məhdudlaşmır, həm də praktik əhəmiyyət daşıyır. Şərq ədəbiyyatı və mədəniyyətinin incə qatlarını dərindən araşdıraraq bu sahədə yeni baxışlar formalaşdırmış, dilçilik elminin aktual problemlərinə dair məhsuldar nəticələr ortaya qoymuşdur. Xüsusən omofonlarla bağlı tədqiqatları bu istiqamətdə mühüm elmi töhfə kimi dəyərləndirilir.

Əsmətxanım Məmmədova pedaqoji fəaliyyətə hər zaman xüsusi önəm vermiş, tələbələrlə münasibətdə səmimiyyətlə tələbkarlığı vəhdətdə qurmağı bacarmışdır. Onun müəllimlik mövqeyi yalnız bilik ötürməkdən ibarət olmayıb, həm də şəxsiyyət formalaşdırmaq missiyasına əsaslanıb. Bu baxımdan onun pedaqoji fəaliyyəti klassik müəllim nüfuzunu müasir akademik məsuliyyətlə birləşdirən örnək kimi diqqəti cəlb edir.

Əsmətxanım Məmmədovanın ictimai-siyasi fəaliyyəti də ayrıca dəyərləndirilməlidir. O, iki çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuş, 1995–2000 və 2000–2005-ci illərdə parlamentdə təmsil olunmuşdur. Müstəqilliyin ilk illərində formalaşmaqda olan parlamentdə yer almaq böyük vətəndaş məsuliyyəti və ictimai etimad tələb edirdi. Fəal ictimaiyyətçi kimi onun parlament fəaliyyətində milli maraqlara, mənəvi dəyərlərə və cəmiyyətin sosial problemlərinə həssas münasibət xüsusi yer tuturdu.

Əsmətxanım Məmmədovanın ictimai obrazının diqqətçəkən cəhətlərindən biri də onun milli-mənəvi kimliyi açıq şəkildə təcəssüm etdirməsi idi. Milli Məclisdə başıörtülü bir xanım kimi görünməsi, xüsusilə ateist ideologiyanın hakim olduğu sovet sisteminin dağılmasından sonrakı mərhələdə, sadəcə fərdi seçim deyil, həm də milli-mənəvi özünüdərkin ictimai müstəvidə ifadəsi kimi qəbul edilə bilərdi. Bu görünüş cəmiyyətin illərlə sıxışdırılmış dini-mənəvi yaddaşının yenidən görünürlük qazanmasının rəmzi təzahürlərindən biri idi. Bu mənada onun şəxsiyyəti milli dəyərlərlə müasir ictimai fəaliyyəti üzvi şəkildə birləşdirən bir nümunədir. Onun mənəvi formalaşmasında Bakının qədim kəndi olan Maştağa mühiti ilə bağlılığının  da mühüm yeri var. Maştağa uzun illər boyu dini etiqada sədaqəti, əhli-beyt sevgisi və mənəvi mühafizəkarlığı ilə seçilən yaşayış məkanlarından biri kimi tanınmışdır. Bu baxımdan Əsmətxanım Məmmədovanın dünyagörüşündə milli-mənəvi köklərə bağlılıq təsadüfi deyil, həyat təcrübəsi və sosial mühitlə şərtlənən dərin mənəvi dayaqdır.

Əsmətxanım Məmmədova milli dəyərlərin qorunmasını cəmiyyətin gələcəyi ilə sıx bağlı məsələ hesab etmişdir. Onun “Milli dəyərlərini itirən xalq gələcəyini də itirə bilər. Ona görə də biz yalnız bu günü deyil, gələcək nəsilləri də düşünməliyik” fikri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu mövqe onun yalnız alim və ictimai xadim deyil, həm də milli düşüncə daşıyıcısı olduğunu göstərir.

Məhz bu kontekstdə Əsmətxanım Məmmədovanın həyat yolu müasir dövrdə Şərq qadınının uğurlu, ziyalı və ictimai məsuliyyətli obrazını təcəssüm etdirir. O, qadının cəmiyyətdəki rolu barədə söylədiyi fikirlərlə də diqqəti cəlb edir: “Qadın yalnız ailənin deyil, cəmiyyətin də dayağıdır. Onun savadlı və güclü olması bütöv bir nəslin formalaşmasına təsir edir” Bu yanaşma qadının maarifçi missiyasını ailə çərçivəsindən çıxararaq daha geniş ictimai məkanla əlaqələndirir.

Əsmətxanım Məmmədovanın ailə mühiti də onun mənəvi dünyasının və ziyalı mövqeyinin davamı kimi diqqətəlayiqdir. Onun qızı, şərqşünas Fidan xanım Nəsirovanın formalaşmasında ailədən aldığı yüksək tərbiyə, intellektual mühit və mənəvi dəyərlər mühüm rol oynamışdır. Alim müxtəlif çıxış və qeydlərində qızının şərqşünaslıq yolunu seçməsində ailə təsirinin böyük olduğunu vurğulamışdır. Əsmətxanım müəllimənin fars və ərəb dillərini mükəmməl öyrənməsi, ziyalı nəslin mənəvi-estetik irsinə bağlılıqla yetişməsi bu varisliyin aydın təzahürüdür. Beləki, o,   öz dövrünün tanınmış ziyalısı, repressiya qurbanı olan ana babası Əbdülqasım Şəkərzadənin xatirəsinə ehtiram olaraq şərqşünas olmağa qərar vermişdir.

Azərbaycanın tanınmış şərqşünas alimi və ictimai xadimi Əsmətxanım Bəyəhməd qızı Məmmədova 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbdə oxuyarkən Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak etmiş və qızıl medala layiq görülmüşdür. Gənclər təşkilatında sədrlik fəaliyyəti göstərmiş, 1960-cı ildə əldə etdiyi uğurlara görə Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Həmin ildə Azərbaycan Dövlət Universitetinin, indiki Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə yüksək nəticə ilə qəbul olunmuşdur. 1960–1965-ci illərdə tələbəlik dövründə yalnız dərslərini əla qiymətlərlə oxumamış, həm də universitetin ictimai-siyasi həyatında fəal iştirak etmiş, fakültə Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur. Elmi-tədqiqat işlərinə marağı onu Tbilisi və Moskva universitetlərində keçirilən elmi konfranslara aparmış, burada məruzələrlə çıxış etmişdir. Dördüncü kursda ikən “Fars ədəbi dili və Tehran dialektində feillərdə baş verən fonetik dəyişikliklər” mövzusunda hazırladığı məruzə Moskva Dövlət Universiteti tərəfindən yüksək qiymətləndirilmiş, müəllif Fəxri fərman və Fəxri tələbə bileti ilə mükafatlandırılmışdır.

Universiteti fərqlənmə diplomu ilə bitirən Əsmətxanım Məmmədova Elmi Şuranın qərarı ilə kafedrada saxlanılmış, 1966-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. Aspirantura illərində institutun Gənclər Təşkilatının sədri vəzifəsini yerinə yetirmiş, eyni zamanda Jdanov adına Leninqrad Dövlət Universitetinin L.R.Şerba adına eksperimental fonetika laboratoriyasında kurslarda iştirak etmişdir. Dissertasiya işinin eksperimental hissəsini məşhur fonetist Lev Zinderin rəhbərliyi ilə yerinə yetirmiş, 1972-ci ildə “Fars dili söz vurğusunun fonetik təbiəti və yeri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.

Ə.Məmmədovanın həyatında və çoxcəhətli fəaliyyətində humanist dəyərlər və xeyirxahlıq duyğusu aparıcı yer tutur. O, yalnız elmi və ictimai fəaliyyəti ilə deyil, həmçinin prezidenti olduğu “Kamillik” cəmiyyəti çərçivəsində həyata keçirdiyi xeyriyyəçilik fəaliyyəti ilə də tanınır. Ehtiyacı olan insanlara yardım göstərmək, sosialyönümlü təşəbbüslərdə iştirak etmək və ictimai dəstəyə ehtiyac duyan təbəqələrə həssas yanaşmaq onun həyat prinsipinin mühüm tərkib hissəsidir. Bu keyfiyyət onun şəxsiyyətində alim məsuliyyəti ilə insanpərvərlik duyğusunun vəhdət təşkil etdiyini bir daha nümayiş etdirir.

Ə.Məmmədova müəllim kimi saysız-hesabsız gəncin həyatında istiqamətverici rol oynamış, onlara yalnız peşə bilikləri deyil, həm də həyat dərsi vermişdir. Onun səciyyəvi xüsusiyyətlərindən biri istedadlı, lakin mənəvi və sosial qayğıya ehtiyacı olan tələbələrini illər boyu unutmaması, onlarla əlaqəsini kəsməməsidir. Bu baxımdan müəllifin şahidi olduğu bir hadisə onun şəxsiyyətinin dərinliyini aydın şəkildə üzə çıxarır.

Ötən yay baş vermiş bir səfər Əsmətxanım Məmmədovanın çoxşaxəli insani keyfiyyətlərini daha parlaq şəkildə nümayiş etdirdi. O, Bakıdan təxminən 200 kilometr uzaqda yerləşən bir rayona tələbələrindən birinin sosial vəziyyəti ilə yerində maraqlanmaq və onun çətin həyat şəraitinin yaxşılaşdırılmasına dəstək vermək məqsədilə yollanmışdı. Rayon rəhbəri ilə görüşmək üçün uzun müddət, təxminən iki saat gözləməli olmuş, lakin nəticədə tələbənin üzləşdiyi problemlərin həlli istiqamətində real addımların atılmasına nail olunmuşdu. Həmin səfərdə yol boyunca o, omofonlar sahəsində apardığı elmi araşdırmaların mahiyyəti, istiqamətləri və nəticələri barədə həvəslə danışırdı. Onun elmi fikri aydın, sistemli və sadə şəkildə təqdim etməsi dinləyicidə mövzuya qarşı maraq yaradırdı. Bu söhbətlər yalnız alimin zəngin bilik ehtiyatını deyil, həm də mürəkkəb elmi məsələləri anlaşıqlı dillə izah etmək bacarığını üzə çıxarırdı. Bu isə onun həm tədqiqatçı, həm də pedaqoq kimi yetkinliyinin mühüm göstəricilərindən biridir.

Ə.Məmmədovanın yanaşmasında elm yalnız nəzəri biliklər toplusu deyil, həm də insan həyatına birbaşa təsir göstərən mənəvi və ictimai məsuliyyət sahəsidir. Onun “Elm yalnız bilik deyil, həm də insanların həyatına toxunmaqdır” fikri bu baxımdan təsadüfi deyil. Həmin səfər bir daha göstərdi ki, o, elmi insan taleyindən ayırmayan, biliyi həyatın xidmətinə verən, alimliklə xeyirxahlığı üzvi şəkildə birləşdirən nadir şəxsiyyətlərdəndir.

Əsmətxanım Məmmədova yaşadığı ömür ərzində zəngin elmi və mənəvi irs formalaşdırmışdır. Bu irs yalnız çap olunmuş əsərlərlə, elmi məqalələrlə və tərcümələrlə məhdudlaşmır; o, həm də mənəvi dəyərlər, vətəndaşlıq nümunəsi, müəllim nüfuzu və humanist davranış mədəniyyəti ilə ölçülür. Onun gənclərə ünvanladığı “Gənclər yalnız bilikli deyil, həm də vicdanlı və məsuliyyətli olmalıdırlar. Cəmiyyətin gələcəyi onların əlindədir” fikri bu irsin gələcək nəsillərə yönəlmiş ideya mahiyyətini aydın ifadə edir.

Ə.Məmmədovanın xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuş, Bakı Dövlət Universitetinin fəxri fərmanlarına, müxtəlif beynəlxalq mükafat və medallara layiq görülmüşdür.

O, nümunəvi bir ailənin anası kimi də böyük hörmət qazanmışdır. Dörd övlad böyüdüb boya-başa çatdırmış, on bir nəvənin sevgi və ehtiramı ilə əhatə olunmuşdur.

Bu gün 85 illik yubileyini qeyd etdiyimiz Əsmətxanım Məmmədova ömrünü elmə, cəmiyyətə və insanlığa xidmətə həsr etmiş nadir şəxsiyyətlərdəndir. Onun həyat yolu bir daha sübut edir ki, əsl böyüklük yalnız qazanılmış nailiyyətlərlə deyil, həm də insanlara göstərilən diqqət, mənəvi dayaq və cəmiyyətə verilən töhfələrlə ölçülür. Keçdiyi şərəfli yol, qazandığı uğurlar və yaşatdığı dəyərlər Azərbaycan cəmiyyətində daim hörmət və ehtiramla xatırlanır və xatırlanacaqdır.

Almaz Ülvi BİNNƏTOVA

Filologiya elmləri doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

“Azərbaycan-Türkmənistan-Özbəkistan

 ədəbi əlaqələri” şöbəsinin müdiri,

Özbəkistan Respublikasının “Dostluq”

ordeni mükafatçısı