206 nömrəli məktəbdə Ulu Öndərin 103 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib

206 nömrəli məktəbdə Ulu Öndərin 103 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə 206 nömrəli tam orta ümumtəhsil məktəbində geniş tədbirlər planı həyata keçirilib.

Tribuna.az xəbər verir ki, tədbirlərin əsas məqsədi şagirdlərə Ulu Öndərin zəngin həyat və fəaliyyətini, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki misilsiz xidmətlərini və milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü işləri daha yaxından tanıtmaq olub. Eyni zamanda, gənc nəsildə vətənpərvərlik, dövlətçilik və azərbaycançılıq ideologiyasına bağlılıq hisslərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb.

Tədbirlər planının icrası məqsədilə məktəbdə xüsusi işçi qrupu yaradılıb və nəzərdə tutulan bütün fəaliyyətlərin yüksək səviyyədə təşkili təmin olunub.

Plan çərçivəsində maarifləndirici, elmi, mədəni və idman yönümlü müxtəlif tədbirlər keçirilib. Şagirdlər üçün Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər nümayiş etdirilib, ardından təşkil olunan müzakirələrdə onun Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri barədə fikir mübadiləsi aparılıb.

Məktəbdə “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda dəyirmi masalar təşkil olunub. Müəllim və şagirdlərin iştirakı ilə keçirilən görüşlərdə Ulu Öndərin siyasi irsi, dövlət quruculuğu strategiyası və azərbaycançılıq məfkurəsinin mahiyyəti geniş təhlil edilib.

Tədbirlər planına uyğun olaraq məktəbin pedaqoji kollektivi və şagirdləri Fəxri Xiyabanı ziyarət edərək Ulu Öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Qərbi Azərbaycan İcması və 234 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə keçirilən Kahoot formatlı bilik yarışında da 206 nömrəli məktəbin şagirdləri uğurlu nəticə göstərərək qaliblər sırasında yer alıblar.

Bundan başqa, məktəbin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, fotoalbomlar və müxtəlif nəşrlərdən ibarət sərgi təşkil olunub. Şagirdlərin hazırladığı referatlar, rəsmlər, inşa yazıları və divar qəzetləri də nümayiş etdirilib.

Ulu Öndərin xatirəsinə həsr olunmuş idman yarışları da keçirilib. Yarışların əsas məqsədi şagirdlərdə sağlam həyat tərzinə marağın artırılması, komanda ruhunun formalaşdırılması və mübarizlik əzminin gücləndirilməsi olub.

Tədbirlər zamanı vurğulanıb ki, Heydər Əliyev tərəfindən müəyyən edilən siyasi kurs bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi və hərbi uğurların bu siyasətin nəticəsi olduğu qeyd edilib.

Məktəbin direktoru Cavid Cəfərzadə çıxışında bildirib ki, Ulu Öndərin zəngin irsinin gənc nəslə çatdırılması təhsil müəssisələrinin qarşısında duran ən mühüm vəzifələrdən biridir. O qeyd edib ki, belə tədbirlər şagirdlərin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi və onların vətənpərvər ruhda formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.