Dünyaşöhrətli müğənni Şakira 2026-cı il futbol üzrə Dünya Çempionatının rəsmi mahnısını təqdim edib.
Tribuna.az xəbər verir ki, kolumbiyalı pop ulduzu “Dai Dai” adlı yeni mahnının bu yay ABŞ, Meksika və Kanadada keçiriləcək turnirin himni olacağını açıqlayıb.
“Whenever, Wherever” və “Hips Don’t Lie” kimi məşhur hitlərin müəllifi olan sənətçi mahnının təqdimatı üçün “Maracana Stadium” stadionundan sosial şəbəkədə xüsusi video paylaşıb. Mayın 14-də yayımlanacaq mahnıda nigeriyalı müğənni Burna Boy da yer alır.
Bu, Şakiranın futbol üzrə Dünya Çempionatı üçün hazırladığı ikinci rəsmi himndir. Sənətçi daha əvvəl 2010-cu ildə DÇ üçün “Waka Waka (This Time for Africa)” mahnısını təqdim etmişdi. Mahnı turnirin ən məşhur simvollarından birinə çevrilmişdi.
Şakira həmçinin 2014-cü ildə DÇ zamanı “La La La (Brazil 2014)” mahnısını ifa edib və bağlanış mərasimində səhnəyə çıxmışdı. O, 2006-cı ildə Almaniyada keçirilən DÇ-nin bağlanış mərasimində də “Hips Don’t Lie” mahnısını səsləndirmişdi.









