Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bir gündə iki tenderə yekun vurub.
Tribuna.az xəbər verir ki, qurum bununla bağlı nəticələri açıqlayıb.
Məlumatda qeyd edilir ki, hər iki tenderə əsasən Şuşada 4 mərtəbəli binalar inşa ediləcək. Birinci mərhələdə Şuşa şəhəri, D-5 massivində 1-ci mərhələdə tikintisi nəzərdə tutulan 6 ədəd 4 mərtəbəli yaşayış binası inşa edəcək. Bunun üçün qalib şirkətə 12 milyon 984 min 241 manat ödəniş ediləcək.
İkinci mərhələ isə Şuşa şəhərinin D-5 massivində 8 ədəd 4 mərtəbəli yaşayış binalarının tikinti işlərini əhatə edəcək. Bunun üçün isə qalib şirkətə 24 milyon 76 min 360 manat pul veriləcək.
Qeyd edək ki, hər iki tenderin qalibi “DİLER İNŞAAT” QSC olub.
Tribuna.az bildirir ki, “Diler İnşaat” QSC-nin hüquqi ünvanı Yasamal rayonu, Moskva prospekti, ev 73A-dır. Nizamnamə kapitalı 2 010 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur.
Şirkətin rəsmi saytında (https://dilerinshaat.az/haqqimizda) isə qeyd edilir ki, QSC-nin rəhbəri Orxan Quluzadədir. Mətbuatda gedən məlumatlara görə, o, deputat Ülvi Quliyevin oğludur.
Fərda Uğur









