İnsanlar çox vaxt qorxu, günahkarlıq hissi və əslində doğru olmayan düşüncələr səbəbindən illərlə toksik və ya bədbəxt evliliklərdə qalırlar.
Psixoloqlar insanların sağlamlığına və psixologiyasına zərər vuran münasibətlərə dözməsinə səbəb olan ən yayılmış dörd “ağrılı yalanı” açıqlayıblar.
Tribuna.az Your Tango-ya istinadən həmin yalanları təqdim edir:
1. “Bu, uşaqlarımın həyatını məhv edəcək”
Ən geniş yayılmış qorxulardan biri boşanmanın uşaqlara mütləq travma yaşadacağı düşüncəsidir. Halbuki münaqişəli ailələrdə böyüyən bir çox insan etiraf edir ki, evdəki davamlı dava və gərginlik onlar üçün valideynlərin boşanmasından daha ağır olub.
Psixoloqlar bildirirlər ki, böyüklər bunu gizlətməyə çalışsa belə, uşaqlar toksik atmosferi hiss edirlər.
2. “Boşanmaq üçün artıq çox yaşlıyam”
Bir çox insan yetkin yaşda yeni həyata başlamaqdan qorxur. Lakin ekspertlər qeyd edir ki, müasir dövrdə insanların ömür uzunluğu artıb və 50, 60, hətta 70 yaşdan sonra da qarşıda onillərlə aktiv həyat ola bilər.
Mütəxəssislər hesab edir ki, yalnız yaş səbəbindən yorucu münasibətdə qalmaq ən dağıdıcı səhvlərdən biridir.
3. “Boşansam, artıq heç kimi tapa bilməyəcəyəm”
Psixoloqlar 50 yaşdan sonra yeni münasibətlərin mümkün olmadığı fikrini də yanlış hesab edir. Tanışlıq saytlarının statistikasına görə, yaşlı insanlar getdikcə daha fəal şəkildə yeni münasibətlər qurur və boşandıqdan sonra yenidən ciddi əlaqələrə başlayırlar.
Ekspertlər vurğulayırlar ki, tənhalıq qorxusu insanları toksik evliliklərdə lazım olduğundan daha uzun müddət qalmağa məcbur edir.
4. “Mən artıq toksik münasibətdə yaşamağa öyrəşmişəm”
Psixoloqların fikrincə, ən təhlükəli düşüncə insanın yaş artdıqca stressə daha davamlı olduğunu hesab etməsidir. Əslində isə uzunmüddətli emosional tükənmə sağlamlığa ciddi zərər verə bilər.
Alimlər xroniki stressi yaddaş problemləri, ürək-damar xəstəlikləri və hətta Alzheimer xəstəliyi riskinin artması ilə əlaqələndirirlər.
25 il toksik evlilikdə yaşayan qadının hekayəsi
Məqalədə 25 ildən çox alkoqol asılılığı olan həyat yoldaşı ilə yaşayan bir qadının hekayəsinə də yer verilib. Davamlı münaqişələr, nəzarət və stress zamanla onda miqren, zəif immunitet və yüksək təzyiq kimi ciddi sağlamlıq problemləri yaradıb.
Psixoloqlar qeyd edir ki, əsas problem çox vaxt münasibətin özü deyil, insanın həyatını dəyişməkdən və xoşbəxtliyə layiq olduğunu qəbul etməkdən qorxmasıdır.
İmran Kərimli









