2026-cı ilin ilk rübündə Rusiya iqtisadiyyatı 2023-cü ilin əvvəlindən bəri ilk dəfə azalma göstərib. Bu, Ukraynadakı müharibə fonunda iqtisadi artımın davam etdirilməsi ilə bağlı Vladimir Putinin tələbinə ciddi zərbə hesab olunur.
Tribuna.az xəbər verir ki, bu barədə Bloomberg yazıb.
İlk rübdə Rusiyanın ÜDM-i illik müqayisədə 0,2% azalıb. Bu, 2023-cü ilin əvvəlindən bəri ilk geriləmədir. Bahalı kreditlər fonunda resessiya riski artır, baxmayaraq ki, azalmanın bir hissəsi birdəfəlik amillərlə əlaqələndirilir. Putin mart ayında iqtisadiyyatın guya 1,8% artdığını bildirib. Fevralda isə azalma qeydə alınmışdı.
Rusiya Mərkəzi Bankı hesab edir ki, bu vəziyyət “davamlı sürətlənmədən daha çox, əks küləklərin zəifləməsi”dir.
İqtisadi göstəricilərə bir neçə amil təsir edib:
- iş günlərinin azalması illik artım tempindən təxminən 0,5 faiz bəndi aparıb;
- sərt qış hava şəraiti tikinti sektorunda problemlər yaradıb.
Rusiya İqtisadiyyat Nazirliyi 2026-cı il üzrə iqtisadi artım proqnozunu 1,3%-dən 0,4%-ə endirib.
Apreldə büdcə kəsiri rekord səviyyəyə çatıb, ilk dörd ayın nəticələrinə görə isə illik plan artıq keçilib. Bu, Yaxın Şərqdəki gərginlik səbəbindən neft gəlirlərinin artmasına baxmayaraq baş verib.
2024-cü ildə 21%-ə qədər yüksələn əsas faiz dərəcəsi sonradan azaldılsa da, hazırda hələ də yüksək — 14,5% səviyyəsində qalır.
Vergilərin artırılması 2026-cı ilin əvvəlində tələbatı zəiflədib. Buna baxmayaraq, mart ayında pərakəndə satışların artımı 6%-i keçib. Neft gəlirləri iqtisadiyyata müəyyən dəstək versə də, ekspertlər hesab edir ki, bu, zəifləyən iqtisadiyyatı sürətlə canlandırmaq üçün kifayət etməyəcək.
Bundan əvvəl Rusiyanın Federal Antiinhisar Xidməti analitiklərə malların qiymət artımı ilə bağlı ictimai proqnozlar verməmək barədə xəbərdarlıq etmişdi.
Qurum bildirib:
“Belə proqnozlar bazar iştirakçıları tərəfindən qiymətlərin artırılmasına təşviq kimi qəbul oluna və istehlakçılar arasında əlavə tələbat yarada bilər.”
İmran Kərimli









