İsrail və Livan atəşkəsi daha 45 gün uzadıb

İsrail və Livan atəşkəsi daha 45 gün uzadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail və Livan əlavə danışıqların aparılması üçün atəşkəs rejimini daha 45 gün uzatmaq barədə razılığa gəliblər. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilir ki, Donald Trump administrasiyası İran əleyhinə müharibənin başa çatdırılmasını çətinləşdirən münaqişəni nəzarət altına almağa çalışır.

Tribuna.az xəbər verir ki,  bu barədə Bloomberg yazıb.

Məlumata görə, atəşkəsin uzadılması Vaşinqtonda ABŞ rəsmilərinin təşkil etdiyi iki günlük danışıqların nəticəsi olub. Vasitəçilər İranın dəstəklədiyi “Hizbullah” qruplaşmasına qarşı İsrailin Livanın cənubunda apardığı hərbi əməliyyatları dayandırmağa çalışıblar. “Hizbullah” rəsmi olaraq atəşkəsdə iştirak etməsə də, əsasən onun şərtlərinə əməl edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Tommy Pigott bildirib ki, siyasi danışıqlar iyunun 2-3-də bərpa olunacaq. Hərbi nümayəndələrin iştirakı ilə ayrıca danışıqlar isə may ayında Pentaqonda keçiriləcək.

O qeyd edib:
“Ümid edirik ki, bu müzakirələr iki ölkə arasında davamlı sülhün qurulmasına, qarşılıqlı suverenlik və ərazi bütövlüyünün tanınmasına, həmçinin ortaq sərhəddə real təhlükəsizliyin təmin olunmasına kömək edəcək”.

Xatırladaq ki, atəşkəs bundan əvvəl aprelin 23-də də uzadılmışdı.

Bununla yanaşı, bu həftə döyüşlər yenidən intensivləşib. Cümə günü səhər İsrail “Hizbullah” obyektlərinə zərbələr endirib. Cümə axşamı isə “Hizbullah” partlayıcı dron hücumu həyata keçirib və nəticədə bir neçə israilli mülki şəxs yaralanıb.

İsrail ordusunun yüksək vəzifəli nümayəndələrindən biri isə bildirib ki, “əməliyyat hələ başa çatmayıb”.

İmran Kərimli