Bu ölkədə məhbuslar həbsxana kameralarını teatr səhnəsi ilə əvəz etdi

Bu ölkədə məhbuslar həbsxana kameralarını teatr səhnəsi ilə əvəz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniyada qeyri-adi teatr festivalı keçirilib. Yeddi müxtəlif həbsxanadan 59 məhbus paytaxt Buxarestdə səhnəyə çıxaraq peşəkar teatr mütəxəssisləri ilə hazırladıqları tamaşaları nümayiş etdirib. Onlar bu dəfə dəmir barmaqlıqlar arxasında deyil, tamaşaçıların alqışları qarşısında olublar.

Tribuna.az  xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Noyabrın 17-18-də Nottara Teatrında keçirilən 15-ci “Dana Cenuşa – Mədəniyyət vasitəsilə azadlıq” Multiart festivalında ölkənin yeddi həbsxanasından məhbuslar iştirak ediblər. Tədbir Rumıniya Penitensiar İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Festival çərçivəsində 12 peşəkar teatr mütəxəssisinin köməyi ilə hazırlanmış yeddi tamaşa təqdim olunub. Onların arasında irlandiyalı dramaturq Samuel Bekketin “Qodonu gözləyərkən” əsərinin adaptasiyası, “Öz içimdə qapalı” və “Heç nə etməyin şirinliyi” adlı səhnə əsərləri də olub.

Tamaşalardan biri Rumıniyanın siyasi məhbusu olmuş Lena Konstantenin xatirələrindən ilhamlanaraq hazırlanıb.

Festivalın əsas məqsədi məhbusların cəmiyyətə yenidən inteqrasiyasına kömək etmək və onların yalnız məhkum statusu ilə deyil, şəxsiyyət və yaradıcılıq qabiliyyətləri ilə də tanınmasına şərait yaratmaqdır.

Təşkilatçıların sözlərinə görə, belə tədbirlər məhbusların özlərini ifadə etməsinə, sosial bacarıqlarını inkişaf etdirməsinə və azadlığa çıxdıqdan sonra normal həyata qayıtmağa hazırlaşmasına kömək edir.

AP-nin yazdığına görə, festivalda iştirak etmək avtomatik olaraq cəzanın azaldılması demək deyil. Bununla belə, tamaşalarda seçilərək iştirak edən məhbuslar əlavə görüşlər və şərti azadlığa çıxış prosedurunun sürətləndirilməsi üçün istifadə oluna bilən əlavə ballar qazana bilərlər.

Qeyd edək ki, festival 2009-cu ildən keçirilir. Yalnız 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən təşkil olunmayıb. Bu müddət ərzində yüzlərlə məhbus müxtəlif tamaşalarda iştirak edib.

Beləliklə, Rumıniyada teatr sənəti məhbusların cəmiyyətə qayıdışı üçün vasitələrdən birinə çevrilib. Təşkilatçılar səhnədə qazanılan təcrübənin onların özlərinə və cəmiyyətə münasibətini dəyişəcəyinə ümid edirlər.

İmran Kərimli