Euronews-un verdiyi məlumata görə, Si Cinpin, Vladimir Putin və Donald Tramp arasında Çində başa çatan danışıqlardan bir neçə saat sonra Ukraynanı dəstəkləyən ölkələrin liderləri Berlində toplaşıblar.
Tribuna.az xəbər verir ki, Avropa liderləri Ukraynadakı müharibəyə son qoymaq və qitəni təsir zonalarına bölmək üçün “Yalta Konfransının formatını yenidən yaratmaq” cəhdlərini qətiyyətlə rədd ediblər.
Bu açıqlama cümə axşamı Kiyevin müttəfiqlərindən ibarət “İstəklilər Koalisiyası”nın iclasında verilib. Bu, Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin arasında Çində keçirilən tarixi üçtərəfli görüşdən bir neçə saat sonra Berlində baş tutub. Şərhçilər bunu Sovet İttifaqı, ABŞ və Britaniya liderləri arasında 1945-ci ildə keçirilən görüşə istinad edərək “ikinci Yalta” adlandırıblar.
Tramp, Putin və Si Ukrayna məsələsini müzakirə etsələr də, onların birgə bəyanatı olan “Sülhə Doğru Yolda Bəyannamə”də Ukraynadan bəhs edilməyib.
“Yalta formatı sülh gətirməyəcək. Avropa Yaltada bölünmüşdü. Parçalanmışdı. Və biz belə bir şeyin bir daha baş verməsinə icazə verməyəcəyik”, – deyə Almaniya kansleri Fridrix Merts bildirib. O, “koalisiya” iştirakçılarının hər birinə Berlin divarının bir parçasını hədiyyə edərək, 1945-ci ildə təsir dairələrinin bölünməsinin nəyə gətirib çıxardığına işarə edib.
Lakin Fransa prezidenti Emmanuel Makron Si Cinpin, Putin və Tramp arasındakı görüşü tarixi hesab etmir. “Düşünmürəm ki, bu, dünya nizamının yenidən formalaşması deməkdir”, – deyə o bildirib. “Əgər Avropanın və onun təhlükəsizlik sisteminin yenidən formalaşması üçün bir əsas hadisə varsa, o da bu gün Berlində baş tutan görüşdür”.
Makron vurğulayıb ki, Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlar Ukraynanın özünün, eləcə də Avropa, ABŞ və Rusiyanın iştirakı ilə eyni masada aparılmalıdır: “Avropalılar öz taleyinin idarəsini öz üzərinə götürməyə qərar veriblər. Avropa müzakirələr menyusundakı bir bənd deyil, öz gələcəyini formalaşdırmaq istəyən bir sıra güclərdir”.
Ukrayna Prezidenti Volodimir Zelenski Berlin görüşünün Rusiyanın Avropa müttəfiqləri arasında parçalanma yaratmaq cəhdlərinin uğursuzluğunun sübutu olduğunu söylədi.
Berlinə gələn ABŞ-ın xüsusi elçiləri Stiv Vitkoff və Cared Kuşner də Rusiyanı Avropanın iştirakına icazə verməyə çağırıblar.
Avropa artıq Fransa, Böyük Britaniya, Almaniya, Polşa, İtaliya, Aİ qurumları və NATO-dan olan yeddi nümayəndədən ibarət birgə qrup yaradıb ki, danışıqların növbəti mərhələsində mümkün iştirak etsinlər.
Həsən Ağa









