Tütün sənayesi siqaretin və nikotin tərkibli məhsulların sağlamlığa zərərləri barədə araşdırmalar aparan alimləri susdurmağa çalışmaqda ittiham olunur.
Tribuna.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.
Noyabrın 19-da nüfuzlu “Tobacco Control” elmi jurnalında dərc olunan araşdırmada tütün şirkətlərinin ictimai səhiyyə sahəsində çalışan alimlərə qarşı müxtəlif təzyiq üsullarından istifadə etdiyi bildirilib. Avstraliyalı epidemioloq, professor Emili Benksin rəhbərlik etdiyi tədqiqatda alimlərin işəgötürənlərinə şikayətlər göndərilməsi, hüquqi təhdidlər, internet üzərindən təhqirlər, nüfuzdan salma kampaniyaları və informasiya sorğularından təzyiq vasitəsi kimi istifadə olunması qeyd edilib.
Araşdırmada Danimarkalı professor və ictimai səhiyyə mütəxəssisi Şarlotta Pisingerin təcrübəsi xüsusi diqqət çəkib. Onun sözlərinə görə, “Philip Morris International” şirkətinin Danimarka bölməsi universitetə şikayət edərək alimin mediaya verdiyi açıqlamalara etiraz edib. Pisinger həmin açıqlamalarda qızdırılan tütün məhsullarının və elektron siqaretlərin təhlükəsizliyini şübhə altına alıb.
Tədqiqatın həmmüəlliflərindən, Avstraliya Milli Universitetinin professoru Raqlan Maddoks isə uşaqların nikotin asılılığı ilə bağlı açıqlamalarından sonra internetdə ciddi təhqirlərə məruz qaldığını bildirib. Onun sözlərinə görə, hücumlar elmi arqumentlərə cavab vermək əvəzinə, şəxsi görünüşünə və xarakterinə yönəlib.
Araşdırmada Danimarka Milli İctimai Səhiyyə İnstitutunun əməkdaşı Lotus Sofi Bast da sənaye nümayəndələrinin informasiya əldə etmək sorğularının alimlər və hüquqşünaslar üçün ciddi əlavə iş yükü yaratdığını vurğulayıb. Tədqiqatçılar xüsusilə gənc alimlərin bu təzyiqlər səbəbindən tütünə nəzarət sahəsində araşdırmalar aparmaqdan çəkindiyini bildirirlər.
“Philip Morris International” şirkətinin Danimarkadakı nümayəndəsi isə alimlərin şirkəti tənqid etmək hüququna hörmət etdiklərini bildirib. Onun sözlərinə görə, elmi fakt kimi təqdim olunan iddialar yoxlanılmalı və müzakirəyə açıq olmalıdır.
Tədqiqat müəllifləri hökumətləri tütün sənayesinin səhiyyə siyasətinə müdaxiləsinin qarşısını almağa, universitetləri isə təzyiqlə üzləşən alimləri daha yaxşı qorumağa çağırıblar.
Mütəxəssislərin fikrincə, bu cür təzyiqlər yalnız ayrı-ayrı alimlərin fəaliyyətinə deyil, cəmiyyətin sağlamlığı ilə bağlı qərarların elmi əsaslarla qəbul edilməsinə də mənfi təsir göstərə bilər.
İmran Kərimli









