“Mançester Yunayted”in borcu 1,1 milyard funt sterlinqi keçdi

“Mançester Yunayted”in borcu 1,1 milyard funt sterlinqi keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Mançester Yunayted” klubu 1,1 milyard funt sterlinqdən çox borc və maliyyə öhdəliyi ilə üzləşib. Klubun yeni maliyyə hesabatı dünyanın ən zəngin futbol komandalarından birinin belə böyük maliyyə yükü altında olduğunu ortaya qoyub.

Tribuna.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, klubun uzunmüddətli borcu 577 milyon funt sterlinqə yüksəlib. Bundan əlavə, kredit xətti üzrə faizlər daxil olmaqla 207 milyon funt sterlinq, əsasən futbolçuların transferləri ilə bağlı digər klublara ödənilməli olan 332 milyon funt sterlinq öhdəlik mövcuddur.

Beləliklə, “Mançester Yunayted”in ümumi borc və maliyyə öhdəlikləri 1,1 milyard funt sterlinqi, təxminən 1,4 milyard dolları ötüb.

Klubun borc yükünün əsas səbəblərindən biri 2005-ci ildə Qleyzer ailəsinin “Mançester Yunayted”i borc hesabına satın almasıdır. Həmin əməliyyatdan əvvəl klub borcsuz fəaliyyət göstərirdi. Hazırda borclara xidmət xərcləri kluba ildə təxminən 60 milyon funt sterlinqə başa gəlir.

Maliyyə hesabatına əsasən, 2026-cı ilin sentyabrınadək olan üç ayda klubun gəliri 146,1 milyon funt sterlinq təşkil edib. Bununla belə, əməliyyat zərəri 3 milyon funt sterlinqə çatıb. Eyni dövrdə futbolçuların və digər əməkdaşların əməkhaqqı xərcləri 8,6 faiz artaraq 79,9 milyon funt sterlinqə yüksəlib.

Maraqlıdır ki, açıqlanan rəqəmlərə baş məşqçi Maykl Kerrikin vəzifəsindən ayrılması və Maurisio Poçettinonun təyinatı ilə bağlı kompensasiya xərcləri daxil edilməyib. “The Independent” bu xərclərin ən azı 7,5 milyon funt sterlinq ola biləcəyini yazır.

Klub cari maliyyə ili üzrə gəlirlərinin 740–760 milyon funt sterlinq arasında olacağını proqnozlaşdırır. Buna baxmayaraq, transferlərə çəkilən xərclər, yüksək əməkhaqqı və əvvəlki illərdən qalan borclar “Mançester Yunayted”in maliyyə vəziyyətini gündəmdə saxlayır.