Beynəlxalq yükdaşımalar üçün verilən icazə blankını başqa şirkətin sürücüsünə ötürən “M.İ. Southtrans” MMC-nin 3 min manat cərimələnməsi barədə qərar qüvvədə saxlanılıb.
Tribuna.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, şirkətin direktoru Mirzəyev İlham Yəhya oğlu cərimənin ləğv edilməsi üçün apellyasiya şikayəti versə də, məhkəmə müraciəti təmin etməyib.İş materiallarına əsasən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “M.İ. Southtrans” MMC-yə verilmiş Gürcüstan üzrə ikitərəfli tranzit icazə blankının başqa şirkətə məxsus yük avtomobilinin sürücüsünə ötürüldüyünü müəyyən edib.
Söhbət “Shamkir Logistics” MMC-yə məxsus “Volvo FH12” markalı avtomobilin sürücüsünə verilən icazə blankından gedir.
Şirkət apellyasiya şikayətində bildirib ki, icazə blankı sürücüyə təhvil verildikdən sonra onun başqa şəxsə ötürülməsi sürücünün öz əməli olub. Buna görə də MMC-nin həmin inzibati xətada təqsiri yoxdur. Şirkət qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini istəyib.
Apellyasiya baxışı zamanı şahid qismində dindirilən şəxs icazə blankını başqa sürücüdən aldığını və bundan istifadənin qanunsuz olduğunu bilmədiyini deyib. Lakin məhkəmə şahidin ifadəsini qeyri-müəyyən hesab edib. Həmçinin şirkət rəhbərinin və şahidin iddialarını təsdiqləyən hər hansı sübutun təqdim edilmədiyini vurğulayıb.
Məhkəmə “Avtomobil nəqliyyatı haqqında” Qanunun 50.6-cı maddəsinə istinad edərək “İcazə” blanklarının başqa şəxslərə ötürülməsinin qadağan olunduğunu qeyd edib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 324.1-1-ci maddəsinə əsasən, icazə blankının başqa şəxsə ötürülməsinə görə hüquqi şəxslər 3000 manat məbləğində cərimə edilir.
Nəticədə apellyasiya məhkəməsi “M.İ. Southtrans” MMC-nin şikayətini təmin etməyib və Suraxanı Rayon Məhkəməsinin şirkətin 3000 manat cərimələnməsi barədə qərarını dəyişdirilmədən saxlayıb. Qərar qətidir və ondan şikayət verilə bilməz.
Qeyd edək ki, Bakıda fəaliyyət göstərən beynəlxalq və ölkədaxili yükdaşıma və logistika şirkəti olan “M.İ. Southtrans” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Mirzəyev İlham Yəhya oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ şossesi, ev 39, mənzil 15-dir.









