Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo sosial şəbəkədə paylaşdığı yeni video ilə diqqət çəkib.
Tribuna.az xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu videoda barmaqları ilə qeyri-adi işarə göstərərək izləyicilərinə sual ünvanlayıb: “Artıq nə olduğunu başa düşdünüz?”
Ronaldo bu jestin mənasını açıqlamasa da, sosial şəbəkələrdə müxtəlif ehtimallar irəli sürülüb. Ən çox müzakirə olunan versiyaya görə, futbolçu bununla karyerasında 1000-ci qolunu vurmaq hədəfinə işarə edir.
Belə ki, onun barmaqları ilə yaratdığı işarə M hərfinə bənzəyir. Roma rəqəmlərində M 1000 rəqəmini ifadə edir. Eyni zamanda, portuqal dilində “min” mənasını verən “mil” sözü də M hərfi ilə başlayır.
Qeyd edək ki, Ronaldo bu jesti ilk dəfə etmir. O, oktyabrın 21-də “Əl-Nəsr”in qələbəsindən sonra, eləcə də oktyabrın 29-da “Əl-Xulud”la qarşılaşmada het-trik etdikdən sonra eyni işarəni göstərib.
Məlumatlara görə, Ronaldonun hesabında 985 rəsmi karyera qolu var. Beləliklə, futbolçu 1000 qol həddinə çatmaq üçün daha 15 dəfə fərqlənməlidir.
Bununla belə, Ronaldo jestinin məhz 1000 qol hədəfi ilə bağlı olduğunu hələlik təsdiqləməyib və izləyicilərini təxmin etməyə davam edir.
Gülşən Rəsul









