Türkiyənin sabiq ailə və sosial xidmətlər naziri Fatma Betül Sayan Kaya həbsxanada huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib.
Tribuna.az xəbər verir ki, bu barədə Türkiyənin “Cumhuriyet” qəzeti İHA-ya istinadən məlumat yayıb.
Məlumata görə, fond araşdırması çərçivəsində həbsdə saxlanılan Kaya noyabrın 18-də, saat 13:00 radələrində Silivri həbsxanasındakı kamerasında özünü pis hiss edərək huşunu itirib.
Həbsxana rəhbərliyinin müdaxiləsindən sonra sabiq nazir Marmara Həbsxanası Dövlət Xəstəxanasına aparılıb. Burada müxtəlif tibbi müayinələrdən keçirilən Kaya müalicəsi başa çatdıqdan sonra evə deyil, yenidən həbsxanaya göndərilmək üçün xəstəxanadan buraxılıb.
Sabiq nazir hansı araşdırma çərçivəsində həbs olunub?
Qeyd edək ki, Fatma Betül Sayan Kaya Türkiyədə investisiya fondları ilə bağlı aparılan maliyyə araşdırması çərçivəsində noyabrın 6-da həbs edilib.
Reuters-in məlumatına görə, ona kapital bazarı qanunvericiliyini pozmaq və cinayət məqsədilə yaradılmış təşkilata üzv olmaq ittihamları irəli sürülüb. İstintaq çərçivəsində Kaya-nın maliyyə bazarlarında qiymətli kağızların dəyərinə təsir edə biləcək açıqlanmamış məlumatlara malik olması iddia edilir.
Sabiq nazir isə ona qarşı irəli sürülən ittihamlarla bağlı öz mövqeyini müdafiə edib. İş üzrə araşdırma davam edir.
İmran Kərimli









