Tribuna.az xəbər verir ki, şahmat tarixində elə tapmacalar var ki, üstündən 160 ildən çox vaxt keçməsinə baxmayaraq, öz marağını itirmir. Belə şahmat məsələlərindən biri amerikalı şahmat bəstəkarı Sam Loydun yaratdığı məşhur “Excelsior” kompozisiyasıdır.
Samuel Loyd 30 yanvar 1841-ci ildə Filadelfiyada anadan olub. O, yalnız şahmatçı deyil, həm də riyazi tapmacalar və məntiqi məsələlər müəllifi kimi tanınıb. Onun əsərləri şahmatda qeyri-adi düşüncə tərzinin nümunəsi hesab olunur.
Bir nahar yeməyinə bağlanan mərc
Loydun bu şahmat məsələsinin yaranması ilə bağlı maraqlı bir əhvalat var.
Onun Denis Julien adlı şahmat həvəskarı ilə mərcə girdiyi bildirilir. Julien iddia edirmiş ki, istənilən şahmat məsələsində matı hansı fiqurun edəcəyini əvvəlcədən müəyyənləşdirə bilər.
Loyd ona yeni bir şahmat mövqeyi göstərərək matı hansı fiqurun etməyəcəyini tapmağı təklif edir.
Julien lövhəyə baxaraq ən zəif görünən fiquru – b2 xanasındakı piyadanı seçir. Lakin məhz həmin piyada sonda mat edir!
Bu əhvalat Loydun özünün sonradan danışdığı xatirələrə əsaslanır.
Ağlar başlayır və 5 gedişə mat edir:
- b4! — … Rc5+
- 2.bxc5! — … a2
- 3.c6! — … Bc7
- 4.cxb7! — … Bxg3
- 5.bxa8=Q# — Mat!
Niyə bu məsələyə Excelsior adı verilib?
Excelsior sözü təxminən “daha yüksəyə, daim irəli” mənasını verir. Bu ad Henri Uodsvort Lonqfellounun eyniadlı şeirindən götürülüb.
Loydun şahmat məsələsi 13 yanvar 1861-ci ildə London Era qəzetində dərc olunub. Sonralar şahmat kompozisiyasında piyadanın başlanğıc mövqeyindən sonuncu sıraya qədər irəliləyərək mat etməsi «Excelsior» mövzusu kimi tanınıb.
Bu əsərin şahmat dünyasına verdiyi əsas dərs odur ki,I bəzən oyunun taleyini ən güclü fiqur deyil, heç kimin ciddi təhlükə hesab etmədiyi bir piyada dəyişir.
Sam Loydun “Excelsior”u bu gün də şahmat kompozisiyasının klassik nümunələrindən biri hesab olunur.
İmran Kərimli












