XXI əsrin ikinci rübündə dünya əmək bazarı fundamental dəyişikliklər mərhələsinə daxil olur. Süni intellekt, robototexnika, biotexnologiyalar, rəqəmsal platformalar, yaşıl enerji, kosmik texnologiyalar və digər innovasiyalar ənənəvi peşələrin məzmununu dəyişdirir, yeni fəaliyyət istiqamətləri və peşələr yaradır. Əvvəllər əmək bazarındakı dəyişikliklər əsasən ayrı-ayrı peşələrin inkişafı və ya tədricən sıradan çıxması ilə müşayiət olunurdusa, indi dəyişikliklərin miqyası daha genişdir. Bəzi peşələrin müəyyən funksiyaları avtomatlaşdırılır, yeni peşə profilləri meydana çıxır, insan və süni intellekt əməkdaşlığı yeni əmək münasibətləri formalaşdırır.
Belə bir dövrdə gəncləri gələcək əmək bazarına səmərəli hazırlamaq üçün dövlət qurumları, univeritetlər tədqiqatlar aparmalı, konkret layihələr icra etməlidirlər. Bu proseslərdə vətəndaş cəmiyyəti də xüsusi fəalllıq götərməlidir.
“Peşəyönümlü təhsilin inkişafına yardım” IB (PTİYİB) gənclərin gələcək əmək bazarına daha yaxşı hazırlanması üçün ictimai əsaslarla “Süni intellekt dövründə 40 aktual peşə” adlı yeni layihə icra edir. Bu innovativ təhsil layihəsinin ideya müəllifi və rəhbəri PTİYİB sədri, dosent İlham Əhmədovdur. Layihəyə bakalavr pilləsində təhsil alan 10 nəfər tələbə cəlb edilibdir. Layihə 4 onlayn təlimdən ibarətdir.
Layihə çərçivəsində tələbələrlə ilkin mərhələdə süni intellektin əsasları üzrə 2 onlayn təlim keçirilmiş, onlara süni intellekt alətlərinin köməyi ilə “Süni intellekt dövründə 40 aktual peşə” mövzusunda marifləndirici xarakterli elektron resursların hazırlanması yolları izah edilmişdir. Layihənin növbəti mərhələsində tələbələr hazırladıqları rəqəmsal resursları sosial şəbəkələrdə yerləşdirəcəklər. İlkin mərhələdə eyni adlı youtub kanalı yaradılcaq və bura 20 marifləndirici video resurs və podkastlar yerləşdiriləcəkdir. Bu tip rəqəmsal resurslarının hazırlanması gənclərin peşəyönümü və peşəseçiminə dəstək məqsədi daşıyır. Layihə çərçivəsində 20 audiovizual resursla yanaşı, 20 infoqrafika tipli intellektual xətritənin də hazırlanması nəzərdə tutulur. Bu tip layihələrin icrası gənclər süni intellekt dövrünün əmək bazarına daha yaxşı hazırlaşmasına dəstək verə bilər. Gələcəkdə layihənin maliyyə mənbəyi olarsa, onu inkişaf etdirmək, “Süni intellekt dövründə 40 aktual peşə” adlı yuotube kanalındakı podkast və videoların sayını 100-ə çatdırmaq mümkündür.
Bu şəraitdə gənclərin, tələbələrin, valideynlərin, müəllimlərin və peşəyönümü mütəxəssislərinin qarşısında mühüm suallar yaranır:
- Hansı peşələr gələcəkdə daha çox tələb olunacaq?
- Süni intellekt hansı peşələri və iş funksiyalarını dəyişdirəcək?
- Hansı peşələr avtomatlaşdırılma riskinə daha çox məruz qalacaq?
- Gələcəyin əmək bazarında hansı bilik və səriştələr tələb olunacaq?
- İnsan süni intellektlə rəqabət aparmalı, yoxsa onunla əməkdaşlıq etməlidir?
- Gənclər gələcəyin peşələrinə necə hazırlaşmalıdırlar?
- Universitetlər və peşə təhsili müəssisələri hansı istiqamətlərdə dəyişməlidir?









