“Ziraat Bank Azərbaycan” ASC-nin 15 milyon manat həcmində istiqrazlarının yerləşdirilməsi başa çatıb.
Tribuna.az-ın əldə etdiyi məlumata görə, bankın istiqrazları oktyabrın 30-da birjada yerləşdirilib.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 150 min ədəd istiqraz buraxılıb. İstiqrazların illik gəlirlilik faizi 10%, tədavül müddəti isə 12 ay müəyyən edilib.
İstiqrazlar üzrə faiz ödənişləri hər üç aydan bir həyata keçiriləcək.
Yerləşdirmə zamanı istiqrazlara investorlar tərəfindən yüksək maraq göstərilib. Belə ki, ümumi nominal dəyəri 45 milyon 355,4 min manat olan sifarişlər təqdim edilib. Bu isə emissiya həcmindən təxminən 3 dəfə çoxdur.
Abunə yazılışında 104 investor iştirak edib. Ümumilikdə 110 sifariş təqdim olunub və onların hamısı icra edilib.
İstiqrazların yerləşdirilməsi 100 manat nominal qiymətlə həyata keçirilib. Nəticədə emissiya üzrə 15 milyon manat vəsait cəlb olunub.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter qismində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC çıxış edib.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC 2014-cü ildə yaradılıb və 2015-ci ildən bank lisenziyası əsasında fəaliyyət göstərir. Bank Türkiyənin “Ziraat Finans Qrupu”na daxildir.
Bankın nizamnamə kapitalı 65,5 milyon manat təşkil edir. Səhmlərinin 99,98%-i Türkiyənin “T.C. Ziraat Bankası”na, 0,01%-i “Ziraat Teknoloji”yə, 0,01%-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur.
Fərda Uğur









