“Məhkəmə ekspertizası mexanizminin təkmilləşdirilməsi ilə bağlı təklif olunan dəyişikliklər ekspert fəaliyyətinin hüquqi tənzimlənməsini daha da təkmilləşdirməyə xidmət edir”.
Tribuna.az xəbər verir ki, bunu deputat Nizami Səfərov Milli Məclisin bu gün keçirilən plenar iclasında məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, layihə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli fərmanının 3.8-ci bəndində nəzərdə tutulan məhkəmə ekspertizası mexanizminin təkmilləşdirilməsi istiqamətində hazırlanıb.
Qanun layihəsi müxtəlif qanunlarda ekspert fəaliyyətinin tənzimlənməsinin ayrı-ayrı xüsusiyyətlərini əhatə edir. Buraya özəl məhkəmə ekspertlərinin vergi ödəyicisi kimi qeydiyyata alınması, vergi bəyannaməsi təqdim etməsi, ekspertiza fəaliyyətinə görə əldə olunan haqların vergitutma obyektinə daxil edilməsi və məcburi dövlət sosial sığortasına cəlb olunması ilə bağlı müddəalar daxildir.
Bundan başqa, özəl məhkəmə ekspertləri barəsində intizam icraatının başlanması və aparılması, ekspertiza fəaliyyətinin elektron qaydada həyata keçirilməsi, eləcə də Özəl Məhkəmə Ekspertləri Palatasının yaradılması təklif olunur.
Layihədə “Lisenziyalar və icazələr haqqında” Qanunun 3 nömrəli əlavəsində özəl məhkəmə ekspertinin şəhadətnaməsinin sahibkarlıq fəaliyyətinə verilən icazələr siyahısından çıxarılması da nəzərdə tutulur. Buna əsas kimi “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 11-ci maddəsinə özəl məhkəmə ekspertlərinin fəaliyyətinin sahibkarlıq fəaliyyəti hesab edilməməsinə dair müddəanın əlavə olunması göstərilir.
Nizami Səfərov deputatları qanun layihəsini birinci oxunuşda qəbul etməyə çağırıb.









