“Qanunun mətni çox yaxşıdır, amma onun işləməsi üçün işlək reallaşma mexanizmi olmalıdır”.
Tribuna.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat qanun layihəsinin konsepsiyasını, hədəf qruplarının düzgün müəyyənləşdirilməsini və beynəlxalq hüquq normalarına uyğunluğunu müsbət qiymətləndirib. Bununla belə, sənədin effektiv tətbiqi üçün maliyyə təminatı və icra mexanizmlərinin dəqiq müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Əli Məsimli ilk növbədə qanunun ümumi və ayrı-ayrı hədəf qrupları üzrə maliyyə tutumunun hesablanmasına ehtiyac olduğunu bildirib. Onun fikrincə, əsas maliyyə yükü dövlətin üzərinə düşsə də, alternativ maliyyə mənbələri və beynəlxalq donor mexanizmləri də nəzərdən keçirilməlidir.
Deputat qanunun tətbiqi zamanı üç məsələnin xüsusi əhəmiyyət daşıdığını qeyd edib: maliyyələşmənin davamlı və ədalətli olması, bürokratik maneələrin aradan qaldırılması üçün rəqəmsallaşmanın genişləndirilməsi, göstərilən xidmətlərin keyfiyyətinə nəzarət və monitorinq mexanizmlərinin yaradılması.
O, hüquqi yardım xidmətlərinin regionlarda, xüsusilə ucqar kəndlərdə əlçatanlığının artırılmasını da vacib sayıb. Əli Məsimli bunun üçün regionlarda çalışan vəkillərə əlavə stimulların verilməsini, elektron və rəqəmsal xidmətlərin genişləndirilməsini təklif edib.
Deputat, həmçinin Milli Məclis və Vəkillər Kollegiyasının əməkdaşlığı əsasında qanunun icrasına dəstək verəcək platformanın yaradılmasının mümkünlüyünü diqqətə çatdırıb.









