“Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında qanun layihəsi 5 fəsil və 19 maddədən ibarətdir”.
Tribuna.az xəbər verir ki,Milli Məclisin deputatı Arzu Nağıyev bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, qanun layihəsinin hazırlanması Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş 2022–2026-cı illər üçün Korrupsiyaya qarşı Mübarizənin Gücləndirilməsinə dair Milli Fəaliyyət Planında nəzərdə tutulub.
Deputatın sözlərinə görə, layihənin əsas məqsədi təşkilatlarda şəffaflığın artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması, habelə korrupsiyaya qarşı dözümsüzlük mühitinin formalaşdırılmasıdır.
Arzu Nağıyev qeyd edib ki, layihədə məlumat verən şəxslərin hüquq və mənafelərinin qorunması, onların qanunsuz təqibdən və ədalətsiz rəftardan müdafiəsi əsas prinsiplər kimi müəyyənləşdirilib.
O bildirib ki, sənəddə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumatların verilməsi və qəbulu, məlumat verən şəxsin tanınması, məlumatların qeydə alınması və araşdırılması qaydaları da öz əksini tapıb. Məlumatlar təşkilat daxilində səlahiyyətli struktur bölməyə və ya şəxsə, təşkilat rəhbərinə, yuxarı vəzifəli şəxsə, yaxud korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına təqdim edilə biləcək.
Deputatın diqqətə çatdırdığına görə, qanun layihəsinə əsasən, daxil olan məlumat dərhal qeydə alınmalı və bir qayda olaraq 23 gün müddətində araşdırılmalıdır. Əlavə materialların əldə edilməsi zərurəti yarandıqda bu müddətin 10 iş günü uzadılması mümkündür:
“Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq hüquqi və intizam tədbirlərinin görülməsi, cinayət əlamətləri olduqda isə materialların aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulur”.
Arzu Nağıyev vurğulayıb ki, layihədə məlumat verən şəxslərin konfidensiallığının qorunması, onların və yaxınlarının təhlükəsizliyinin təmin edilməsi, dövlət hesabına peşəkar hüquqi yardım alması, məhkəmə xərclərindən azad olunması, dəymiş maddi və mənəvi zərərin kompensasiyasını tələb etməsi kimi hüquqlar müəyyən edilir.
Eyni zamanda, məlumat verən şəxsin özünə, yaxın qohumlarına və ya qohumlarına qarşı hədə-qorxu, təzyiq, təhdid və digər qanunsuz təqib hallarının, eləcə də məlumat verməsi ilə əlaqədar iş yerində qisas xarakterli tədbirlərin görülməsinin qadağan edilməsi təklif olunur.









