Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov pul siyasəti qərarına dair mətbuat konfransında bildirib ki, aylıq 20 min manat və gündəlik 5 mədaxil üzrə limitlərin artırılması mümkündür. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli və müraciət əsaslandırılmalıdır. Bu, eyni yanaşma bir kart məhsulu üzrə əlavə kartın verilməsinə də aiddir.
Bəs müştərilər limitin artırılması ilə bağlı müraciəti hansı hallarda qəbul və ya rədd edə bilər? Ümumilikdə yeni mexanizm sahibkarların fəaliyyətinə necə təsir edir?
Tribuna.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc Bakıvaxtı.az-a açıqlama verib.
Onun sözlərinə görə, burada məqsəd qanuni əməliyyatları məhdudlaşdırmaq deyil:
“Məqsəd vergidən yayınma, digər maliyyə pozuntularının qarşısını almaqdır. Bir çox müəssisə, özəl şirkətlər daha çox kartdan istifadə edirlər və kart dövriyyəsi kifayət qədər böyükdür. Ölkədə kartların dövriyyəsinə baxsaq, görərik ki, haradasa paralel iqtisadiyyat mövcuddur”.

Vüqar Oruc: Müştərilər aylıq 20 min manatlıq dövriyyə ilə bağlı banka müraciət edə bilərlər
İqtisadçı qeyd edib ki, müştərilər limit artımı üçün banka müraciət edə bilərlər və bank müraciətləri fərdi qaydada qiymətləndirəcək:
“Müştərilər aylıq 20 min manatlıq dövriyyə və gündəlik 5 mədaxil limitinin artırılması ilə bağlı banka müraciət edə bilərlər. Müraciət zamanı limit artımı istəyinin səbəbləri, əlavə kartın nəyə görə lazım olduğu və hansı ödənişlərin kart vasitəsilə qəbul edildiyi izah edilməlidir. Müraciətə baxılarkən əməliyyatların iqtisadi mahiyyəti, pul vəsaitlərinin mənbəyi və müştərinin maliyyə davranışları nəzərə alınır. Heç bir problem müəyyən edilmirsə, bank onun kartları vasitəsilə dövriyyənin daha çox olmasında maraqlı olur. Heç bir bank dövriyyələrin məhdudlaşdırılmasında maraqlı deyil. Sadəcə dövriyyənin artırılmasından daha önəmli olan ölkənin iqtisadi və maliyyə təhlükəsizliyidir”, – deyə o qeyd edib.
V. Oruc bildirib ki, yeni mexanizmin sahibkarlar üçün həm müsbət, həm də çətinlik yaradan mənfi tərəfləri var:
“Müsbət tərəfi odur ki, maliyyə əməliyyatları şəffaflaşır, vergidən yayınma halları azalır və bazarda bərabər rəqabət imkanları yaranır. Çətinliyi isə kiçik sahibkarların əlavə sənədləşmə, izahat, bankla yazışmalar kimi addımlar atmasıdır ki, bu da vaxt itkisi yarada bilər. Buna baxmayaraq, bütün hallarda bu mexanizmin effektivliyi ədalətli yanaşmanın tətbiqi ilə bağlıdır. Qanuni fəaliyyət göstərən sahibkarlar heç bir problem yaşamayacaqlar”.









