Qızıl və gümüşün qiyməti kəskin bahalaşıb

Qızıl və gümüşün qiyməti kəskin bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarlarında qiymətli metalların qiymətində artım qeydə alınıb. Həftənin ilk ticarət günündə qızıl və gümüşün fyuçersləri təxminən 3% bahalaşıb.

Tribuna.az  xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, noyabrın 23-də qızılın spot qiyməti 2,4% artaraq bir troya unsiyası üçün 3 616,51 dollara yüksəlib. ABŞ-da qızıl fyuçersləri isə 2,9% bahalaşıb.

Gümüşün qiyməti də yüksəlib. Qiymətli metalın bir unsiyası 3% artaraq 42,41 dollara çatıb.

“Reuters” yazır ki, bahalaşma ötən həftə qeydə alınan kəskin ucuzlaşmadan sonra baş verib. Belə ki, qızıl əvvəlki həftə təxminən 9% dəyər itirərək son 14 ayın ən aşağı səviyyəsinə enmişdi.

Analitiklərin fikrincə, texnologiya səhmlərinin ucuzlaşması və süni intellekt sektorunda artım tempinin zəifləməsi ilə bağlı narahatlıqlar ABŞ-da iqtisadi perspektivlərə və faiz dərəcələrinə dair gözləntiləri dəyişib. Bu amillər qiymətli metallara tələbi dəstəkləyib.

İnvestorlar hazırda ABŞ-da inflyasiyanın əsas göstəricilərindən biri hesab edilən şəxsi istehlak xərcləri (PCE) indeksi ilə bağlı açıqlamanı gözləyirlər.

İmran Kərimli