Ukrayna pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Tatarıstan Respublikasında yerləşən neft anbarlarını hədəfə alıb. Hücum nəticəsində bir neçə obyektə ziyan dəyib, lakin ölən və yaralanan olmayıb.
Tribuna.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi və “Meduza” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə noyabrın 19-na keçən gecə Tatarıstanın Almetyevsk rayonu yaxınlığında baş verib. Region rəhbərinin mətbuat xidməti neft saxlama obyektlərinin dron hücumuna məruz qaldığını təsdiqləyib.
Yerli hakimiyyət orqanlarının açıqlamasına əsasən, avtomatik yanğınsöndürmə sistemi və təhlükəsizlik xidmətlərinin müdaxiləsi daha böyük yanğının qarşısını alıb. Dron qalıqları bir neçə mülki obyektə də ziyan vurub.
“Meduza”nın məlumatına görə, müstəqil “Astra” Telegram kanalı hücumun Kaleykino neft nasos stansiyasına yönəldiyini bildirib. Bu stansiya Rusiyanın əsas neft kəməri şəbəkəsinin mühüm qovşaqlarından biridir.
Rusiya Müdafiə Nazirliyi isə həmin gecə ölkənin müxtəlif regionlarında 53 pilotsuz uçuş aparatının ələ keçirildiyini və məhv edildiyini açıqlayıb.
İmran Kərimli
Tribuna.az









