Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro bağırsaq keçməzliyi diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.
Tribuna.az xəbər verir ki, bu barədə “O Globo” qəzeti məlumat yayıb.
Məlumata görə, Bolsonaroda qarın boşluğunun kəskin obstruktiv patologiyası aşkarlanıb. Həkimlər dərhal müalicəyə başlayıblar.
Həkimlərin açıqlamasına əsasən, sabiq prezident qarın nahiyəsində güclü ağrılar və şişkinlik yarandıqdan sonra noyabrın 20-də Braziliyanın paytaxtı Braziliyada yerləşən DF Star xəstəxanasına çatdırılıb. Müayinələr zamanı nazik bağırsaqda demək olar ki, tam tıxanma müəyyən edilib.
Xəstəxananın yaydığı tibbi açıqlamada Bolsonaronun huşunun aydın olduğu, sərbəst nəfəs aldığı və vəziyyətinin kliniki baxımdan stabil qaldığı bildirilib. Hazırda ona maye və qidalandırıcı dəstək verilir, mədəsinə xüsusi zond yerləşdirilib.
Həkimlər vəziyyətin gedişindən asılı olaraq cərrahi əməliyyat ehtimalını da istisna etmirlər. Hələlik onun xəstəxanadan nə vaxt buraxılacağı məlum deyil.
İmran Kərimli









