Yeni il bayramlarının ən sevilən komediyalarından biri olan “Evdə tək” (Home Alone) yenidən ekranlara qayıtmağa hazırlaşır. Filmin baş qəhrəmanı Kevin Makkallister obrazını canlandıran Makoley Kalkin uzun fasilədən sonra məşhur franşizaya geri dönəcək.
Tribuna.az xəbər verir ki, “Disney” və “20th Century Studios” yeni filmin hazırlanmasına başlayıb. Layihədə Makoley Kalkinlə yanaşı, Hollivudun tanınmış ssenarist və prodüserləri Set Rogen və Evan Qoldberq də iştirak edəcəklər.
“Variety” nəşrinin məlumatına görə, yeni filmin ssenarisi Kalkinin öz ideyası əsasında hazırlanacaq. Set Rogen və Evan Qoldberq aktyorla birlikdə ssenari üzərində çalışacaq və layihəni özlərinin “Point Grey” şirkəti vasitəsilə istehsal edəcəklər.
Kalkinin təklif etdiyi ilkin süjet ideyası olduqca maraqlıdır. Bu dəfə Kevin artıq böyümüş, ailə qurmuş və övlad böyüdən ata kimi təqdim olunur. İşinə həddindən artıq vaxt ayırdığı üçün oğlu ilə münasibətlərində problemlər yaranır. Bir gün Kevin öz evinin çölündə qalır, oğlu isə atasını içəri buraxmaq əvəzinə ona qarşı müxtəlif tələlər qurur. Beləliklə, vaxtilə iki qulduru tələlərlə məğlub edən Kevin bu dəfə özünün yaratdığı üsulların qurbanına çevrilə bilər.
Bununla belə, bu süjetin yeni filmin rəsmi ssenarisi olub-olmadığı hələ təsdiqlənməyib. Layihə ilkin hazırlıq mərhələsindədir. Filmin rejissoru, digər aktyor heyəti və nümayiş tarixi barədə də məlumat açıqlanmayıb.
Qeyd edək ki, “Evdə tək” filminin ilk hissəsi 1990-cı ildə ekranlara çıxıb. Makoley Kalkin 1992-ci ildə çəkilən “Evdə tək 2: Nyu-Yorkda itmiş” filmində də Kevin obrazını canlandırıb. Sonrakı ekran əsərlərində isə bu rolu başqa aktyorlar ifa ediblər.
İlk film dünya prokatında təxminən 477 milyon dollar gəlir əldə edərək bütün zamanların ən uğurlu ailə komediyalarından birinə çevrilib.
Yeni layihə reallaşarsa, tamaşaçılar 34 ildən sonra Makoley Kalkini yenidən Kevin Makkallister obrazında görəcəklər.
İmran Kərimli









