Rusiya Ukraynanın İzmail limanına və enerji infrastrukturuna zərbələr endirib

Rusiya Ukraynanın İzmail limanına və enerji infrastrukturuna zərbələr endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Ukraynanın bir neçə regionunda enerji, logistika və liman infrastrukturunu hədəfə alıb. Hücumlar zamanı Odessa vilayətindəki İzmail limanı, Dnepropetrovsk vilayətində dəmir yolu infrastrukturu və Qara dənizdə yük gəmisi vurulub.

Tribuna.az  xəbər verir ki, bu barədə “Reuters” agentliyi Rusiya Müdafiə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.

Rusiya tərəfinin bildirdiyinə görə, Dnepropetrovsk vilayətində Ukraynanın hərbi-sənaye kompleksini elektrik enerjisi ilə təmin edən yarımstansiya vurulub. Həmçinin Dneprodzerjinsk dəmir yolu stansiyası yaxınlığında iki lokomotivə zərbə endirilib.

Odessa vilayətində yerləşən İzmail limanında isə Ukrayna Silahlı Qüvvələri üçün hərbi texnikanın çatdırılmasında istifadə edildiyi iddia olunan liman infrastrukturu hədəfə alınıb.

Bundan başqa, Qara dənizdə, Odessa şəhərinin cənub-qərbində quru yük gəmisinə hücum edildiyi bildirilib.

Qeyd edək ki, “Reuters” noyabrın 20-də də Rusiya Müdafiə Nazirliyinin Ukraynanın enerji və nəqliyyat infrastrukturu, eləcə də Odessa vilayətindəki liman obyektlərinə zərbələr endirilməsi barədə açıqlamasını yayımlayıb. Agentlik Rusiya tərəfinin irəli sürdüyü hədəflər və nəticələrlə bağlı iddiaları müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edib.

İmran Kərimli