“Xəyal hissəcikləri”ni araşdıran alim Nobel mükafatına layiq görüldü

“Xəyal hissəcikləri”ni araşdıran alim Nobel mükafatına layiq görüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, belçikalı-amerikalı hissəcik fiziki Francis Halzen 2026-cı il Fizika üzrə Nobel mükafatının laureatı olub.

Reuters-in məlumatına görə, Halzen kainatın ən çətin müşahidə olunan hissəciklərindən biri olan yüksək enerjili neytrinoların aşkarlanması üçün rəsədxananın yaradılmasına verdiyi mühüm töhfələrə görə mükafatlandırılıb.

Alim Antarktidanın Cənub qütbündə yerləşən buzdan neytrinoların izlərini aşkar etmək üçün istifadə etməyin mümkün olduğunu göstərib. Bu yanaşma sonradan IceCube Neytrino Rəsədxanasının yaradılmasının əsasını təşkil edib.

Neytrinolar bəzən “xəyal hissəcikləri” adlandırılır. Onlar Yer kürəsindən və insan bədənindən demək olar ki, heç bir iz buraxmadan keçə bilir və maddə ilə son dərəcə nadir hallarda qarşılıqlı əlaqəyə girirlər.

Antarktidada yerləşən IceCube rəsədxanası buzun dərinliklərinə yerləşdirilmiş minlərlə optik sensor vasitəsilə bu hissəciklərin yaratdığı siqnalları qeydə alır. Toplanan məlumatlar yüksək enerjili neytrinoların necə yarandığını və onların kosmosdakı mənbələrini öyrənməyə imkan verir.

Kral İsveç Elmlər Akademiyasının nümayəndəsi Eva Olsson bildirib ki, neytrinolar kosmosdan məlumat gətirən “xəbərçilər” rolunu oynayır. Onların vasitəsilə uzaq qalaktikalar və partlayan ulduzlarda baş verən proseslər haqqında yeni məlumatlar əldə etmək mümkündür.

Nobel Komitəsinin Fizika üzrə sədri Mark Pearce isə Halzenin rəhbərlik etdiyi beynəlxalq alim və mühəndis qrupunun yeni astronomiya istiqamətinin formalaşmasına yol açdığını vurğulayıb.

Francis Halzen 1944-cü ildə Belçikanın Brügge şəhərində anadan olub. O, uzun illər ABŞ-ın Viskonsin-Medison Universitetində hissəcik fizikası, astrofizika və kosmologiya sahələrində fəaliyyət göstərib.

2014-cü ildə ABŞ-ın “Smithsonian” jurnalı Halzeni “Neutrino Man” (“Neytrino adamı”) adlandırıb və onun IceCube layihəsini astronomiyada yeni dövrün başlanğıcı kimi qiymətləndirib.

2026-cı il Fizika üzrə Nobel mükafatının məbləği 12 milyon İsveç kronudur. Nobel mükafatları hər il Alfred Nobelin vəfat etdiyi gün — dekabrın 10-da Stokholmda keçirilən mərasimdə təqdim olunur.

İmran Kərimli

Tribuna.az