Xalq artisti Könül Xasıyevanın pubda muğam ifa etməsi sənət adamları arasında müzakirələrə səbəb olub. Muğam ifaçıları xanəndənin bu addımına münasibət bildiriblər.
Xanəndə Sabir Abdullayev Qaynarinfo-ya açıqlamasında Könül Xasıyevanın sözügedən məkanda çıxış etməsini dəstəklədiyini bildirib:
“Könül Xasıyeva muğam ifaçısı olmaqla yanaşı, gözəl mahnılar da ifa edir. Könül xanımın harada və necə oxuması onun şəxsi işidir. Pubda oxuyanda nə olar?”
Sözügedən məkandan ona da dəvət gəlsə, qəbul edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran xanəndə deyib:
“Mənim yaşıma uyğun deyil. Amma lap dənizin ortasında üç stul qoyub məni çağırsalar, öz repertuarımdan oxuyaram”.
Əməkdar müəllim Qəzənfər Abbasov isə xanəndələrin bu gün müxtəlif məkanlarda çıxış etməsinə diqqət çəkib. O, məsələyə daha geniş prizmadan yanaşaraq sənət adamlarının sosial vəziyyətini də gündəmə gətirib:
“Şəhərin sanitar qovşaqlarında belə xanəndələrin ifalarını səsləndirirlər. İfa canlı olsun, yaxud da əvvəlcədən yazılmış səs yazısı səsləndirilsin, fərq etməz, bu, təhqirdir. Pubda oxumaq olar, çünki orada yaxşı şərait və tamaşaçı var. İnsanlar həmin məkana müğənniyə görə gedirlər. Yeraltı keçidlərdə tar və kamança çalırlar. Bunlar Azərbaycanın şah alətləridir. Restoranlarda isə dilənçi kimi saz çalanlar var. Əgər söhbət sənətin qeydinə qalmaqdan gedirsə, bunları da unutmaq olmaz.
Onların qarşısını almaq çətin olacaq. Çünki dolana bilmirlər, məcburiyyətdən həmin məkanlara üz tuturlar. Onlara maddi yardım etmək istəyən şirkətlər varsa, buyursunlar. Sənət adamlarını mədəniyyət ocaqlarında işlə təmin etsinlər, ayda 2000-2500 manat maaş versinlər. Görək, bundan sonra kim gedib həmin məkanlarda çalıb dolanacaq? Könül Xasıyeva həmin məkana gedib oxuyursa, deməli, ehtiyacdan bunu edir. Amma onun orada oxumasına inanmıram. Toylara aparan yoxdur, bəs necə dolansın? İki gündür “GTA 6” (“Grand Theft Auto VI”) videooyununda Alim Qasımovun səsinin yer aldığı müzakirə olunur. Bəs onda deyək ki, niyə oxumusan? Xanəndə pul qazanmaq üçün hər yerdə oxuya bilər. Söhbət məndən gedirsə, restoranda oxumağa getmirəm. Amma belə məkanlarda çıxış edənlər var”.
Qeyd edək ki, Xalq artisti Könül Xasıyevanın pubda muğam ifa etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Xanəndənin bu addımını dəstəkləyənlərlə yanaşı, tənqid edənlər də az olmayıb.









