Beynəlxalq reytinq agentliyi AM Best “AzRe Təkrarsığorta” ASC-nin əməliyyat nəticələrinin ortamüddətli dövrdə güclü qalacağını gözləyir. Agentliyin qiymətləndirməsinə görə, şirkətin iri risklərə məruz qalması və zərərlərin yığılması nəticələrdə dalğalanmaya səbəb ola bilər.
Tribuna.az agentliyin açıqlamasına istinadən xəbər verir ki, “AzRe”nin beynəlxalq portfeli coğrafi baxımdan yaxşı şaxələndirilib. Bununla yanaşı, şirkətin həmin portfeldəki fəlakət riskləri üzrə digər təkrarsığortaçılardan aldığı təminat məhduddur.
AM Best-in hesablamalarına görə, şirkətin xalis kombinə edilmiş əməliyyat əmsalı 2024-cü ildəki 65,3%-dən 2025-ci ildə 75,7%-ə yüksəlib. Bu, təkrarsığorta əməliyyatları üzrə mənfəət marjasının daraldığını göstərir. Agentlik bu əməliyyatların gəlirliliyini yüksək qiymətləndirib.
AM Best “AzRe”nin maliyyə dayanıqlığı reytinqini B++, uzunmüddətli emitent kredit reytinqini isə “bbb” səviyyəsində təsdiqləyib. Hər iki reytinq üzrə proqnoz sabitdir.
Fərda Uğur









