Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı gimnast Zeynəb Cavadlının instaqram hesabı bloklanıb.
Tribuna.az xəbər verir ki, hadisə Zeynəbin 6 aydır övladlarını görə bilməməsi ilə bağlı açıqlamasından sonra olub. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan azərbaycanlının “@zeynabismyname adlı hesabı noyabrın 19-da bağlanıb. İnstaqram qərarın səbəbini platformanın “saxtakarlıq və aldatma” ilə bağlı icma qaydalarının pozulması ilə əlaqələndirib.
Bildirişdə hesab sahibinə profilə giriş imkanının olmadığı, bütün məlumatlarının həmişəlik silinəcəyi və qərara yenidən baxılması üçün müraciət edə bilməyəcəyi bildirilib.
Qeyd edək ki, Zeynəb Cavadlinin hesabı onun BƏƏ rəsmiləri tərəfindən işgəncə və zorakılığa məruz qalması ilə bağlı BMT-yə şikayət göndərilməsindən bir gün sonra bağlanıb. Onun vəkili Rodni Diksonun sözlərinə görə, noyabrın 18-də BMT-nin xüsusi prosedurlarına BƏƏ ilə bağlı təcili müraciət təqdim edilib.
Vəkil bildirib ki, Zeynəb sosial şəbəkə hesabından 3 iyun 2026-cı ildə baş verən hadisədən sonra dünyaya müraciət etmək üçün istifadə edib. İddialara görə, həmin gün silahlı və maskalı şəxslər onun yaşadığı evə daxil olaraq üç qızını aparıblar. Zeynəb o vaxtdan övladlarını görmədiyini iddia edir.
Hüquqşünas Devid Heyq hesabın bağlanması ilə bağlı Meta şirkətindən izahat tələb etdiklərini açıqlayıb. O, həmçinin ictimaiyyəti şirkətə müraciət edərək hesabın niyə deaktiv edildiyini soruşmağa çağırıb./Axşam.az









