Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik. 30 ildir kitab nəşr edirəm. Yaxşı satılan kitabların sayı iki mini keçmir. Yerli yazıçıların əsərləri daha da zəif. İlboyu 200, 300, yaxud 50-60 ədəd oxunur. Əsas tərcümə ədəbiyyatı oxunur. Ondan da oxucular daim narazıdırlar.
Tribuna.az xəbər verir ki, təkliflə “Qanun” Nəşriyyat Evinin direktoru Şahbaz Xuduoğlu çıxış edib. O bildirib ki, kitab bazarında rusca, türkcə, ingiliscə kitabların həcmi artmaqda davam edir və oxucu da ən çox o kitablara üstünlük verir:
“Bakıda rusca daha çox oxunur. Regionlarımız, gənclik isə türkcə oxumağa üstünlük verirlər. Müasir oxucular Dostoyevski, Tolstoy, Çexovu, Turgenovu və sair rus klassiklərini türkcə oxuyurlar.
Müstəqilliyin tarixi 30 ili keçsə də, dilimizin xüsusi nəaliyyəti yoxdur. Arxada qalan illərdə də təhsil sistemi qurulmadı.
İxtisaslı mütəxəssislər yetişdirən təhsil ocaqlarımız düz-əməlli dərsliklər yaza bilmədilər. Tələbələr yalnız xarici dillər öyrənməklə dəqiq fənlər üzrə; tibb, iqtisadiyyat, kimya, fizika, riyaziyyat sahəsində biliklərini artırır, yaxud xaricdə təhsilə üz tuturlar.
Hüquq sahəsində hələ də rus kitablarını tərcümə edib tələbələrə oxudurlar.
Dünyada olduğu kimi bizdə də kitab oxuyanların sayı artır, amma daha çox əcnəbi dillərdə: rusca, ingiliscə, türkcə… Buna səbəb həmin dillərin inkişafı üçün mühitin və əsaslı dövlət siyasətinin olmasıdır. Bizdə isə əksinədir. Dilimiz böyükdür deyirik, amma öz dilimizdə oxumuruq”.
Ş.Xuduoğlu bildirib ki, dilimizin konstitusiya adı Azərbaycan dili olsa da, bu dil əyalətçilikdən xilas ola bilməyib, milli birlik yarada bilməyib:
“Bütün elit obyektlərdə, restoran, hotellərdə rusca danışılır. Yüksəkvəzifəlilər öz aralarında rusca danışır. Bu günün özündə də rus məktəbləri Azərbaycan məktəblərini “yeyir”.
Azərbaycanda daim rusca danışan, mən azərbaycanca bilmirəm deyən necə olur İstanbula düşən kimi türkcə danışmağa başlayır? Necə olur Azərbaycan şairlərindən bir şeir bilməyən rusdilli azərbaycanlı Nazim Hikməti əzbər bilir?
Gündəlik həyatımızın diqtəsinə qulaq asmaq zamanıdır. Təhsilimizi və ədəbi dilimizi dəyişməliyik. Bizim türkcədə ağlabatan heç nə yoxdur. Bu dildə nə hüquq sistemi quruldu, nə səhiyyə, nə də təhsil. Kitab oxuyan da yoxdur. Çoxu deyir ki, ortaq türk dili olsun. Bu, sadəcə ədabazlıqdı. Türkiyənin gül kimi türkcəsi var, daha cəsarətli tərpənib o dili olduğu kimi qəbul etməliyik. Əslində, müasir türk əlifbasının müəlliflərindən biri elə Mirzə Fətəli Axundovdur. Axundov əlifbasının qəbulu, həm də o irsə sahiblənmək deməkdir”.
Tribuna.az









