ABŞ Prezidenti Donald Trumpın oğlu Donald Trump Jr. və həyat yoldaşı Bettina Trump may ayında keçirilən toy mərasimindən sonra təşkil olunan şənliklərin bir hissəsinin Rusiya Prezidenti Vladimir Putinlə yaxınlığı ilə tanınan rusiyalı oliqarx Umar Kremlev tərəfindən maliyyələşdirildiyini təsdiqləyiblər.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, Bettina Trump sosial media hesabında həyat yoldaşı ilə birgə yaydığı açıqlamada Kremlevi onların “yaxın dostu” kimi təqdim edib.
Açıqlamada bildirilib ki, Kremlev toy mərasimindən sonra keçirilən iki gecəlik şənliklərə ev sahibliyi edib. Onun göstərdiyi maliyyə dəstəyi “son dərəcə səxavətli toy hədiyyəsi” kimi qiymətləndirilib.
“Bunun üçün o zaman da minnətdar idik, bu gün də eləyik”, – deyə açıqlamada qeyd olunub.
Trumpın oğlu və gəlini həmçinin Kremlevlə münasibətlərinin siyasi motiv daşımadığını vurğulayıblar:
“Dostluq siyasi motivasiya tələb etmir. Səxavət də avtomatik olaraq hansısa gündəmin olduğu anlamına gəlmir. Bəzən toy hədiyyəsi sadəcə toy hədiyyəsidir”.
Qeyri-kommersiya araşdırmaçı jurnalistika təşkilatı ProPublica isə eyni gün yaydığı materialda Kremlevin üç gün davam edən toy şənlikləri ilə bağlı yüz minlərlə dollar məbləğində xərcləri ödədiyini iddia edib.
Xatırladaq ki, Kremlev yaxın zamanda Putin tərəfindən “Dostluq” ordeni ilə təltif edilib.
Trumpın oğlu daha əvvəl də Rusiya ilə əlaqələri ilə bağlı müzakirələrin mərkəzində olub.
Gülşən Rəsul










