Tramp Demokratların qələbəsindən sonra ilk açıqlamasını verdi

Tramp Demokratların qələbəsindən sonra ilk açıqlamasını verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərinin nəticələrini qəbul etməyə və Demokratlar Partiyası ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

“Reuters” agentliyinin “The New York Times” qəzetinə istinadən yaydığı məlumata görə, Tramp seçkilərin nəticələri ilə bağlı qəzetin iki müxbirinə müsahibə verib. O, Respublikaçılar Partiyasının seçkilərdəki uğursuzluğunu özünün namizəd olmaması ilə əlaqələndirib.

ABŞ mediasının ilkin nəticələrinə əsasən, Demokratlar Partiyası Senatda nəzarəti ələ keçirib, Nümayəndələr Palatasında da çoxluq qazanmağa yaxındır. Bu nəticələr Donald Trampın prezidentliyinin son iki ilində Konqreslə münasibətlərinə təsir göstərə bilər.

Tramp Demokratlarla mümkün əməkdaşlıq barədə danışarkən tərəflərin müəyyən məsələlərdə razılığa gələ biləcəyini istisna etməyib. Bununla belə, o, Demokratların qanunvericilik təşəbbüslərinə qarşı prezidentin veto hüququndan istifadə edə biləcəyini də vurğulayıb.

ABŞ Prezidenti “CBS News” telekanalına müsahibəsində özünü “Cənab Veto” adlandırmalarına etiraz etməyəcəyini bildirib. “Mənim son söz demək səlahiyyətim var. Buna veto deyilir”, – Tramp qeyd edib.

O, “Fox News” telekanalına müsahibəsində İranda davam edən müharibənin də Respublikaçıların seçkilərdəki nəticələrinə təsir göstərdiyini etiraf edib. Bununla belə, Tramp müharibə ilə bağlı qərarlarını müdafiə edib.

Qeyd edək ki, Demokratların Konqresin hər iki palatasında nəzarəti ələ keçirməsi Tramp administrasiyasının qanunvericilik təşəbbüslərinin qəbulunu çətinləşdirə bilər. Belə vəziyyətdə prezidentin veto səlahiyyəti siyasi mübarizənin əsas vasitələrindən birinə çevriləcək.

Tribuna.az