Şuşada neçə nəfər yaşayır? – AÇIQLANDI

Şuşada neçə nəfər yaşayır? – AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu həftə Azərbaycan tarixinin ən önəmli günlərindən biri – Şuşanın işğaldan azad olunması və Şuşa Şəhəri Günü qeyd ediləcək. Altı il əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edərək böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi. Həmin gün Azərbaycan tarixinə Zəfər Günü kimi də düşdü”.

Tribuna.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.

O qeyd edib ki, işğal dövründə baxımsız vəziyyətə düşən Şuşa hazırda Qafqazın aparıcı yaşayış məntəqələrindən birinə çevrilməkdədir. Şəhərdə bərpa və yenidənqurma işləri aparılır. Zəfərdən sonra öz tarixinə yenidən qovuşan Şuşa doğma sakinlərini də qarşılamaqdadır.

Vüqar Bayramovun sözlərinə görə, Şuşa şəhəri də daxil olmaqla, rayon ərazisində məskunlaşma prosesi davam etdirilir. Növbəti Şəhər Gününə hazırlaşan Şuşa rayonunda indiyədək 420 ailə və ya 1579 nəfər daimi məskunlaşıb. Onlardan 377 ailə, yəni 1411 nəfər Şuşa şəhərində yaşayır.

“Hazırda rayonun Böyük Qaladərəsi kəndində 78, Kiçik Qaladərəsi kəndində isə 90 vətəndaşımız məskunlaşıb”.

Millət vəkili qeyd edib ki, məskunlaşmaya “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq başlanılıb. İkinci Dövlət Proqramı çərçivəsində isə Şuşa rayonu da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərimizdə kütləvi məskunlaşma həyata keçiriləcək.