Tribuna.az xəbər verir ki, CNN telekanalının məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının 2028-ci il prezident seçkilərində iştirak edə biləcək bir neçə güclü namizədinin olduğunu bildirib.
Tramp mümkün namizədlərin adlarını açıqlamaq üçün hələ tez olduğunu deyib.
“Düşünürəm ki, bizim inanılmaz dərəcədə istedadlı siyasətçilərimiz var. Konkret şəxslər haqqında danışmaq istəmirəm, çünki bunun üçün hələ bir qədər tezdir”, – ABŞ Prezidenti bildirib.
O qeyd edib ki, Konqresə keçirilən aralıq seçkilərin nəticələri gələcək siyasi proseslər üçün müəyyən göstərici hesab oluna bilər. Tramp Respublikaçılar Partiyasının gələcək prezident seçkilərində uğur qazana biləcək güclü siyasi komandaya malik olduğunu vurğulayıb.
ABŞ liderindən 2028-ci il prezident seçkilərində Demokratlar Partiyasından hansı siyasətçinin Respublikaçılar üçün daha ciddi rəqib ola biləcəyi də soruşulub. Tramp bəzi potensial namizədləri tanıdığını desə də, onların adlarını açıqlamaq istəməyib.
“İnsanlar hələ onların haqqında düşünmürlər. Buna görə də onları gündəmə gətirmək istəmirəm. Yoxsa birdən qarşımızda həqiqətən ciddi rəqib peyda olar”, – o bildirib.
Tramp Respublikaçılar Partiyasının gələcək prezidentliyə namizədinin müəyyənləşdirilməsində öz dəstəyinin mühüm rol oynaya biləcəyini də istisna etməyib.
ABŞ Prezidenti bu məsələyə münasibət bildirərkən, partiyada onun dəstəklədiyi şəxsin namizəd seçilə biləcəyi barədə fikirlərin səsləndiyini xatırladıb. Bunun mümkün olduğunu desə də, konkret namizəd barədə danışmaq üçün hələ tez olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkilərinin 2028-ci ildə keçirilməsi nəzərdə tutulur. Donald Trampın hazırkı prezidentlik müddəti başa çatdıqdan sonra Respublikaçılar Partiyasının namizədinin kim olacağı ölkə siyasətinin əsas müzakirə mövzularından biri olacaq.
İmran Kərimli









