“Kapital Bank”ın müştərisi maaş kartını Apple Pay-ə əlavə etdikdən sonra kartı bank tərəfindən bloklanıb.
Tribuna.az xəbər verir ki, bu barədə şikayətçi Dürnis Ağayeva “Müştəriyəm, şikayətim var” qrupunda paylaşım edib.
Şikayətçi bildirib ki, maaş kartını Apple Pay-ə əlavə etmək üçün əvvəlcə Google Wallet-ə daxil edib. Bu zaman bank təhlükəsizliyi təmin etmək məqsədilə ona birdəfəlik təsdiq kodu göndərib. Müştəri kodu daxil etdikdən sonra kart Apple Pay-ə əlavə olunsa da, bank kartı bloklayıb.
Dürnis Ağayeva qeyd edib ki, məsələ ilə bağlı “196” qaynar xəttinə zəng etdikdə ona filialına yaxınlaşaraq ərizə yazmalı olduğu bildirilib.
Şikayətçi müasir rəqəmsal xidmətlərin mövcud olduğu dövrdə belə bir prosedurun tətbiq edilməsini anlaşılmaz hesab edir. O, SİMA imza və üz tanıma kimi texnologiyaların istifadə olunduğu bir vaxtda problemin həlli üçün niyə kağız üzərində ərizə yazılmasının tələb edildiyini sorğulayıb.
“İndi özünüz birdəfəlik kod göndərirsiniz, müştəri əli ilə o kodu daxil edərək kartını Apple Pay-ə əlavə edir, amma siz ‘təhlükəsizliyi təmin etmək üçün’ kartı bloklayırsınız? Məntiq var burada?” – deyə o bildirib.
Dürnis Ağayeva, həmçinin bank kartlarından əvvəlki dövrlərdə dəfələrlə pul oğurlandığını iddia edərək, belə hallarda təhlükəsizliyin niyə lazımi səviyyədə təmin olunmadığını sual edib.
Məsələ ilə bağlı “Kapital Bank”ın mövqeyini öyrənməyə hazırıq.
Gülşən Rəsul









