“Hərbi xidmətlə bağlı bəzi inzibati xətalara görə inzibati həbsə alternativ olaraq cərimə tətbiq edilməsi təklif olunur”.
Tribuna.az xəbər verir ki, bunu deputat Əminə Ağazadə Milli Məclisin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, təklif olunan dəyişikliklər hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə icraatın təkmilləşdirilməsinə, Hərbi Prokurorluğun nəzarət səlahiyyətlərinin genişləndirilməsinə və cəza tədbirlərinin diferensiallaşdırılmasına yönəlib.
Onun sözlərinə görə, hazırda müvafiq inzibati xətalar üzrə icraat başlanmadıqda bu barədə Hərbi Prokurora məlumat verilir. Yeni dəyişikliklərə əsasən isə tərtib edilmiş protokolların və qəbul olunmuş qərarların surətləri də Hərbi Prokurora göndəriləcək. Hərbi Prokuror həmin qərarların qanuniliyini və əsaslılığını yoxlaya, qanunsuz və əsassız qərarları ləğv edərək materialları yenidən baxılması üçün aidiyyəti orqanlara göndərə biləcək.
Əminə Ağazadə diqqətə çatdırıb ki, bununla Hərbi Prokurorluğun nəzarəti yalnız inzibati icraatın başlanması barədə məlumat almaqla məhdudlaşmayacaq, qəbul edilmiş qərarların qanuniliyinin yoxlanılmasını da əhatə edəcək.
Layihədə inzibati xətalar haqqında işlərə baxılma müddətinin hərbi xidmətin xüsusiyyətlərinə uyğunlaşdırılması da nəzərdə tutulur. Deputatın sözlərinə görə, hərbi qulluqçunun xidməti vəzifələrinin icrası və ya digər zəruri səbəblərdən dərhal məhkəməyə gəlməsi mümkün olmadıqda, inzibati həbs nəzərdə tutulan müvafiq işlərə 15 gün müddətində baxılması təklif edilir.
Digər dəyişiklik isə hərbi hissələrdə xidmət yerini üzrsüz səbəbdən tərk etmə və xidmət yerinə vaxtında gəlməmə ilə bağlı inzibati xətalara aiddir. Təklifə əsasən, bu əməllərə görə inzibati həbsə alternativ olaraq cərimə tətbiq edilə biləcək.
“Bu, xətanın xarakteri və törədilmə halları nəzərə alınmaqla daha mütənasib qərar qəbul edilməsinə imkan verəcək”, – deyə deputat bildirib.
Əminə Ağazadə hesab edir ki, qanun layihəsi inzibati icraat üzərində hüquqi nəzarəti gücləndirməklə yanaşı, hərbi xidmətin xüsusiyyətlərini və inzibati məsuliyyətin fərdiləşdirilməsi zərurətini də nəzərə alır.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.









