Belçikanın baş naziri istefasını krala təqdim etdi

Belçikanın baş naziri istefasını krala təqdim etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, Belçikanın Baş naziri Bart De Vever hökumət daxilində yaranan büdcə fikir ayrılıqları səbəbindən istefasını təqdim edib.

Reuters-in məlumatına görə, beşpartiyalı hakim koalisiya ölkənin 2027-ci il dövlət büdcəsi ilə bağlı razılığa gələ bilməyib. Bu səbəbdən De Vever noyabrın 2-də Kral Filip ilə görüşərək hökumətin istefasını ona təqdim edib.

Mübahisənin əsas səbəbi dövlət büdcəsində təxminən 10 milyard avroluq qənaət tədbirləri ilə bağlı fikir ayrılığıdır. Baş nazirin rəhbərlik etdiyi N-VA partiyası və liberal MR dövlət xərclərinin, o cümlədən səhiyyə xərclərinin azaldılmasını müdafiə edir.

Koalisiyanın sosialist və mərkəzçi tərəfdaşları isə büdcə kəsirinin azaldılması üçün varlı vətəndaşların daha çox vergi ödəməsini təklif edirlər.

Kral Filip hələlik istefanı qəbul etməyib. O, noyabrın 3-dən etibarən koalisiyaya daxil olan partiyaların rəhbərləri ilə məsləhətləşmələr aparacaq və noyabrın 6-da baş nazirlə yenidən görüşəcək.

Reuters yazır ki, istefa qəbul edilərsə, ölkədə yeni hökumətin formalaşdırılması və ya növbədənkənar seçkilərin keçirilməsi gündəmə gələ bilər.

Qeyd edək ki, Bart De Vever 2025-ci ilin fevralından Belçikanın baş naziri vəzifəsini tutur. Ölkənin dövlət borcunun ÜDM-ə nisbətinin 2026-cı ildə 110 faizi keçəcəyi proqnozlaşdırılır.