Tribuna.az xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrini şərh edərək, amerikalı seçicilərin müharibəyə qarşı mövqe nümayiş etdirdiyini bildirib.
“Al Jazeera”nın məlumatına görə, Qalibaf bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb. O, seçkilərin nəticələrini ABŞ əhalisinin artan yaşayış xərcləri ilə bağlı narahatlığı və ölkənin xaricdə hərbi əməliyyatlarda iştirakına qarşı münasibəti ilə əlaqələndirib.
“İstər vicdanlarına, istərsə də yaşayış xərclərinə görə amerikalılar müharibəyə ‘yox’ dedilər və biz bu mesajı dəstəkləyirik”, – deyə İran parlamentinin sədri bildirib.
Qalibaf ABŞ administrasiyasına da xəbərdarlıq edib. Onun sözlərinə görə, Vaşinqton öz xalqının iradəsini nəzərə almalı və xarici qüvvələrin maraqlarını ABŞ vətəndaşlarının mövqeyindən üstün tutmamalıdır.
İran parlamentinin sədri qeyd edib ki, ABŞ hökuməti xalqın iradəsinə zidd addımlar atarsa, bunun nəticələri ilə üzləşə bilər.
Qeyd edək ki, ABŞ-də keçirilən aralıq seçkilər İranla davam edən müharibənin və iqtisadi vəziyyətin ölkənin daxili siyasi gündəminə təsir etdiyi bir dövrə təsadüf edib. Bununla belə, seçicilərin səsvermədəki motivlərini yalnız bir amillə əlaqələndirmək mümkün deyil.
İmran Kərimli









