Türkiyə futbolunda mərc araşdırmaları ilə bağlı yeni detallar üzə çıxıb. Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu Super Liqa klublarından birinin rəhbər şəxslərindən bir nəfərin öz komandasının məğlubiyyətinə mərc etdiyini açıqlayıb.
Hacıosmanoğlu “A Spor” telekanalına müsahibəsində bildirib ki, həmin şəxs komandası 1:0 hesabı ilə öndə olarkən rəqibin qələbəsinə mərc edib. 2024/2025 mövsümündə 4 min lirə yatıran klub rəhbəri 16 min lirə qazanc əldə edib.
Maraqlıdır ki, o, cəza almayan 301 nəfərin arasında yer alıb. TFF prezidenti araşdırmalar çərçivəsində Super Liqa və Birinci Liqa klublarının 448 rəhbər şəxsinə qarşı tədbir görüldüyünü bildirib. Onlardan 147-si 45 günlük cəzaya məruz qalıb, 301 nəfər isə cəzalandırılmayıb. Hacıosmanoğlu futbol ailəsinə daxil olan şəxslərin mərc oyunlarında iştirak edə bilməyəcəyini vurğulayıb.









