Klinton Maskın məsuliyyətə cəlb olunmasını tələb etdi

Klinton Maskın məsuliyyətə cəlb olunmasını tələb etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton sahibkar İlon Maskın məlumatlardan istifadə etməsi və seçkilərə mümkün təsiri ilə bağlı araşdırma aparılmasına çağırıb.

Tribuna.az xəbər verir ki, Klinton bu barədə ABŞ-da yayımlanan “The View” televiziya proqramında çıxışı zamanı danışıb.

O bildirib ki, yanvar ayından fəaliyyətə başlayacaq yeni Konqres məlumatlardan siyasi məqsədlərlə istifadə edilməsi ehtimallarını araşdırmalı və məsul şəxslərin cavabdehliyini təmin etməlidir.

Klintonun sözlərinə görə, bəzi şəxslər qərarlara təsir göstərmək məqsədilə məlumatları manipulyasiya etmək imkanından cəzasız istifadə etməməlidirlər.

Keçmiş dövlət katibi xüsusilə Maskın ABŞ hökumətinin səmərəliliyinin artırılması üzrə fəaliyyət göstərmiş DOGE qurumundakı roluna və dövlət məlumatlarına çıxış məsələsinə diqqət çəkib. Bununla belə, Klinton özü də həmin məlumatların qanunsuz şəkildə əldə edilməsi ilə bağlı iddiaların tam təsdiqlənmədiyini qeyd edib.

Müzakirə zamanı jurnalist Kara Swisher də süni intellekt vasitəsilə böyük həcmdə şəxsi məlumatların birləşdirilməsinin mümkün risklərindən danışıb.

Qeyd edək ki, İlon Mask ABŞ-da respublikaçı siyasətçilərə maliyyə dəstəyi göstərməsi və siyasi proseslərdə fəal iştirakı ilə tanınır. Klintonun çıxışı ABŞ-da Konqresə keçirilən aralıq seçkiləri ərəfəsində siyasi müzakirələrin bir hissəsi olub.

İmran Kərimli