“Bu sazişin əsas məqsədi Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında pensiya təminatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və vətəndaşların pensiya hüquqlarının təmin edilməsidir”.
Tribuna.az xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, 2021-ci il iyunun 26-da Daşkənd şəhərində imzalanmış, beş bölmə və 26 maddədən ibarət saziş Azərbaycan və Özbəkistan vətəndaşlarının pensiya təminatı sahəsində hüquqlarını tənzimləyir.
Sənədə əsasən, tərəflərin vətəndaşları digər ölkənin qanunvericiliyi tətbiq edilərkən həmin dövlətin vətəndaşları ilə bərabər hüquqlara malik olacaqlar.
Musa Quliyevin sözlərinə görə, sazişdə pensiya hüquqlarının müəyyən edilməsi, sığorta stajının hesablanması və təsdiqi, pensiyaların təyin edilməsi, hesablanması, yenidən hesablanması və ödənilməsi qaydaları müəyyənləşdirilir.
O bildirib ki, pensiya hüququ müəyyən edilərkən hər iki dövlətin ərazisində, o cümlədən keçmiş Azərbaycan SSR və Özbəkistan SSR ərazilərində əldə edilmiş sığorta stajı nəzərə alınacaq. Azərbaycanla bağlı isə müvafiq dövr üzrə pensiya kapitalı da hesablamaya daxil ediləcək.
Deputat qeyd edib ki, hər bir ölkənin səlahiyyətli qurumu öz ərazisində əldə edilmiş sığorta stajına uyğun pensiya məbləğini həmin dövlətin qanunvericiliyinə əsasən hesablayacaq.
“Pensiyalar şəxsin digər dövlətin ərazisində yaşaması ilə əlaqədar azaldıla, müvəqqəti dayandırıla və ya ləğv edilə bilməz”, – deyə Musa Quliyev vurğulayıb.
Sazişdə pensiyaların digər dövlətin ərazisinə köçürülməsi, tibbi müayinələrin keçirilməsi, səlahiyyətli qurumlar arasında məlumat mübadiləsi və qarşılıqlı yardım, müraciət və şikayətlərə baxılması, fərdi məlumatların mühafizəsi, artıq ödənilmiş pensiyaların geri qaytarılması və pensiyalara yenidən baxılması məsələləri də əksini tapıb.
Deputatın sözlərinə görə, pensiya ödənişləri avro və ya ABŞ dolları ilə həyata keçiriləcək. Saziş tərəflərin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə təsir etməyəcək.
Sənəd ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonra ikinci ayın ilk günü qüvvəyə minəcək və qeyri-müəyyən müddətə bağlanacaq.
Musa Quliyev əlavə edib ki, saziş qüvvəyə mindikdən sonra 1996-cı il mayın 27-də Bakıda imzalanmış Azərbaycan və Özbəkistan hökumətləri arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında əvvəlki saziş qüvvədən düşəcək.
Deputat qanun layihəsinin komitədə ətraflı müzakirə olunduğunu bildirib.









