Tribuna.az xəbər verir ki, əzələ kütləsini artırmaq və fiziki gücü qorumaq üçün mürəkkəb məşq proqramlarına ehtiyac olmaya bilər. Əfsanəvi bodibilder və aktyor Arnold Şvartsenegger hesab edir ki, düzgün qurulmuş məşq proqramının əsasını cəmi beş fundamental hərəkət təşkil edə bilər.
Tribuna.az-ın Almaniyanın “Focus” nəşrinə istinadən xəbər verir ki, Şvartsenegger balanslaşdırılmış güc məşqləri üçün çömbəlmə, itələmə, dartma, bud oynaqlarının açılması və ağırlıq daşıma hərəkətlərini əsas hesab edir.
Şvartseneggerin tövsiyə etdiyi 5 əsas məşq
1. Çömbəlmə
Bu hərəkət əsasən bud, baldır və sağrı əzələlərini gücləndirir. Eyni zamanda bədənin tarazlığının və gündəlik hərəkət qabiliyyətinin yaxşılaşmasına kömək edir.
2. İtələmə hərəkətləri
Bu qrupa jim hərəkətləri, divardan və ya dizlər üzərində təkanvermə daxildir. Onlar sinə, çiyin və qol əzələlərinin inkişafına kömək edir.
3. Dartma hərəkətləri
Turnikdə dartınma və elastik lentlə məşqlər bel, kürək və qol əzələlərini işlədərək bədənin yuxarı hissəsini gücləndirir.
4. Bud oynaqlarının açılması
Bu qrupa körpü hərəkəti və klassik deadlift daxildir. Hərəkətlər sağrı, budun arxa hissəsi və bel əzələlərinin güclənməsinə xidmət edir.
5. Ağırlıq daşıma
Bu məşq zamanı insan müəyyən çəkidə ağırlıqları götürərək müəyyən məsafə qət edir. Məsələn, hər iki əldə qantel tutaraq yerimək və ya alış-veriş çantalarını daşımaq buna nümunədir.
Yeni başlayanlar necə məşq etməlidir?
Şvartseneggerin tövsiyə etdiyi yanaşmaya görə, yeni başlayanlar hər hərəkəti 2–3 set, hər setdə 10–12 təkrar olmaqla yerinə yetirə bilərlər. Setlər arasında təxminən iki dəqiqə fasilə vermək məsləhət görülür.
Həftədə 2–3 güc məşqi ilə başlamaq, fiziki hazırlıq artdıqca yükü tədricən yüksəltmək mümkündür. Məşqlər zamanı düzgün texnikaya xüsusi diqqət yetirilməlidir.
Alimlər də sadə məşq proqramlarının effektivliyini təsdiqləyir
“Sports Medicine” jurnalında dərc olunan elmi araşdırmada da əzələ inkişafı üçün çoxsaylı və mürəkkəb hərəkətlərin vacib olmadığı vurğulanır. Tədqiqatçılar əsas əzələ qruplarını işlədən çoxoynaqlı hərəkətlərin əhəmiyyətini qeyd edirlər.
Araşdırmaya görə, məşqin nəticəsində əsas rol oynayan amillərdən biri həftə ərzində yerinə yetirilən ümumi məşq həcmi və yükün düzgün bölüşdürülməsidir.
Beləliklə, güclənmək və əzələ kütləsini artırmaq üçün əsas məsələ idman zalında saatlarla vaxt keçirmək deyil, ardıcıl məşq etmək, düzgün texnikaya əməl etmək və bərpaya vaxt ayırmaqdır.
Qeyd etmək lazımdır ki,yaşlı insanlar, artıq çəkisi və xroniki xəstəlikləri olan şəxslər məşq proqramına başlamazdan əvvəl həkimlə məsləhətləşməlidirlər. Ağır çəkilərlə məşq etmək məcburi deyil.
İmran Kərimli










