İran Ermənistanda nəyə ümid edir?

İran Ermənistanda nəyə ümid edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar İranla Ermənistan arasında iqtisadi sahədə əməkdaşlığın miqyası genişlənməyə başlayıb.

Tribuna.az xəbər verir ki, Tehran İrəvanla son bir həftədə bir çox məsələləri müzakirə edib.

Ötən həftə Ermənistanda səfərdə olan İranın vitse prezidenti Purməhəmmədi bəyan etmişdi ki, bu ölkəyə daha çox qaz satmaq fikrindədirlər. Hətta “Ermənistandan yaxşı dost varmı?” sözlərindən də istifadə etmişdi.

Lakin iki ölkə arasında əlaqələrə son zamanlar neft-kimya məhsullarının satışı, quru sərhədlər üzərindən yükdaşımaların artırılması, habelə kommunikasiya və texnologiya sahəsində də əməkdaşlıqlar da daxil edilib.

Bunun fonunda İranın bir sıra şəhərlərindən də Ermənistana maraq artdığı müşahidə olunur. Belə ki, İsfahan valisi Mehdi Camalinejad “Ermənistanla iqtisadi, mədəni və hüquqi sahələrdə əməkdaşlığa hazırıq” bəyanatını yayıb.

İran və Ermənistan arasında əlaqələrin bu qədər genişlənməsi təkcə iqtisadi anlam daşımır. Həmçinin hərbi sahədə və siyasi müstəvidə də tərəflərin əməkdaşlıq etdikləri diqqəti çəkir. Məsələn, bu yaxınlarda İranın Ermənistana satdığı PUA və PUA əleyhinə silahları da diqqət çəkib.

Görünən odur ki, Tehran İrəvanı öz tərəfində saxlamaq, onun vasitəsi ilə bəzi addımlar atmaqda maraqlıdır. Xüsusən də sanksiyalar altında ciddi problemlər yaşayan İran, erməni diasporunun da imkanlarından yararlanmağa çalışır.

Qeyd edək ki, Tehranda uzun zamandır belə bir fikir formalaşıb ki, erməni diasporu onlarla Qərb ölkələri arasında münasibətləri normallaşdıra bilər. Hətta bir neçə iri layihələrdə İranın iştirak məsələsinin də diaspora tərəfindən qaldırıldığı təsdiqlənmiş faktdır.

Fərda Uğur