Bu il ölkədə kartlardan milyonlarla manat oğurlanıb

Bu il ölkədə kartlardan milyonlarla manat oğurlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı ilin üçüncü rübündə Azərbaycan banklarına məxsus ödəniş kartları ilə ölkədaxili və ölkəxarici xidmət şəbəkələrində ümumilikdə 13 min 319 fırıldaqçılıq əməliyyatı qeydə alınıb. Bu əməliyyatların ümumi məbləği 2 milyon 11 min 550 manat təşkil edib.

Tribuna.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, əvvəlki rüblə müqayisədə belə əməliyyatların ümumi sayı 49.02 faiz, məbləği isə 47.48 faiz artıb.

Üçüncü rübdə ölkədaxili xidmət şəbəkəsində kartlarla fırıldaqçılıq əməliyyatlarının məbləği 1 milyon 635 min 257 manat olub. Bu, ikinci rübdəki 1 milyon 74 min 526 manatla müqayisədə 52.18 faiz çoxdur.

Ölkəxarici xidmət şəbəkəsində isə Azərbaycan banklarına məxsus kartlarla fırıldaqçılıq əməliyyatlarının məbləği 289 min 423 manatdan 376 min 293 manata yüksəlib. Bu istiqamətdə artım 30.02 faiz təşkil edib.

Əməliyyatların sayında da hər iki istiqamət üzrə artım qeydə alınıb. Ölkədaxili fırıldaqçılıq hallarının sayı ikinci rübdəki 5 min 305-dən üçüncü rübdə 7 min 222-yə çatıb. Bu, 36.14 faiz artım deməkdir. Ölkəxarici əməliyyatların sayı isə 3 min 633-dən 6 min 97-yə yüksələrək 67.82 faiz çoxalıb.

İlin birinci rübündə ölkədaxili şəbəkədə 4 min 995 fırıldaqçılıq əməliyyatı üzrə bir milyon 350 min 492 manat, ölkəxarici şəbəkədə isə 6 min 20 əməliyyat üzrə 325 min 335 manat qeydə alınmışdı.

Rüblük göstəricilərin cəminə əsasən, 2026-cı ilin doqquz ayında kartlarla ümumilikdə 33 min 272 fırıldaqçılıq əməliyyatının məbləği 5 milyon 51 min 326 manat olub. Bunun 17 min 522 əməliyyat üzrə 4 milyon 60 min 275 manatı ölkədaxili, 15 min 750 əməliyyat üzrə 991 min 51 manatı isə ölkəxarici xidmət şəbəkəsinin payına düşüb.

AMB fırıldaqçılıq üsulları üzrə bölgünü də təqdim edib. Üçüncü rübdə ölkədaxili əməliyyatlarda hesabın ələ keçirilməsinin payı 21.8 faiz, digər fırıldaqçılıq növlərinin payı isə 78.2 faiz təşkil edib. Birinci rübdə bu göstəricilər müvafiq olaraq 21.4 və 78.6 faiz, ikinci rübdə isə 33.9 və 66.1 faiz olub.

Hesabın ələ keçirilməsi dedikdə başqa şəxsin mobil bankçılıq, elektron pul kisəsi və ya digər ödəniş alətinə tam giriş əldə etməsi nəticəsində kart hesabının ələ keçirilməsi nəzərdə tutulur. Bu, həssas məlumatların həmin şəxsə ötürülməsi, zərərverici proqramlar və ya məsafədən idarəetmə proqramları vasitəsilə baş verə bilər. Digər fırıldaqçılıq növlərinə kartın fiziki iştirakı olmadan aparılan əməliyyatlar, itmiş və ya oğurlanmış kartdan, eləcə də saxta surəti çıxarılmış kartdan istifadə və digər hallar daxildir.

Ölkəxarici əməliyyatlarda isə üçüncü rübdə kartın fiziki iştirakı olmadan baş verən fırıldaqçılığın payı 71.7 faiz, digər növlərin payı 28.3 faiz olub. Birinci rübdə bu nisbət 60.2 və 39.8 faiz, ikinci rübdə isə 45.9 və 54.1 faiz təşkil edib.

Fırıldaqçılığın baş verdiyi avadanlıq növü üzrə bölgüdə elektron ticarət və mobil tətbiqlərin payı yüksək olaraq qalıb. Üçüncü rübdə ölkədaxili əməliyyatlarda bu kanalların payı 97.7 faiz, digər avadanlıqların payı isə 2.3 faiz olub. Birinci rübdə həmin göstəricilər 98.3 və 1.7 faiz, ikinci rübdə isə 93.1 və 6.9 faiz təşkil edib.

Ölkəxarici əməliyyatlarda elektron ticarət və mobil tətbiqlərin payı birinci rübdə 80.6 faiz, ikinci rübdə 92.8 faiz, üçüncü rübdə isə 97.9 faiz olub. Digər avadanlıqların payı müvafiq olaraq 19.4 faiz, 7.2 faiz və 2.1 faiz təşkil edib.

Müqayisə üçün bildirək ki, 2025-ci ilin birinci rübündə ölkədaxili şəbəkədə 995 fırıldaqçılıq əməliyyatının məbləği 431 min 291 manat, ölkəxarici şəbəkədə 3 668 əməliyyatın məbləği isə 187 min 877 manat olub.

İkinci rübdə ölkədaxili şəbəkədə 570 əməliyyat üzrə 344 min 83 manat, ölkəxarici şəbəkədə isə 4 806 əməliyyat üzrə 430 min 947 manat qeydə alınıb.

Üçüncü rübdə ölkədaxili göstərici 2 min 233 əməliyyat üzrə 1 milyon 185 min 101 manat, ölkəxarici göstərici isə 7 min 669 əməliyyat üzrə 308 min 668 manat təşkil edib.

Dördüncü rübdə ölkədaxili şəbəkədə 3 min 386 fırıldaqçılıq əməliyyatının məbləği bir milyon 783 min 31 manat, ölkəxarici şəbəkədə 5 439 əməliyyatın məbləği isə 370 min 444 manat olub.

2025-ci ildə ölkədaxili əməliyyatlarda hesabın ələ keçirilməsinin payı birinci rübdə 68.8 faiz, ikinci rübdə 44.8 faiz, üçüncü rübdə 39.4 faiz, dördüncü rübdə isə 21.9 faiz təşkil edib. Digər fırıldaqçılıq növlərinin payı müvafiq olaraq 31.2, 55.2, 60.6 və 78.1 faiz olub.

Ölkəxarici əməliyyatlarda kartın fiziki iştirakı olmadan baş verən fırıldaqçılığın payı 2025-ci ilin birinci rübündə 80.6 faiz, üçüncü rübündə 73 faiz, dördüncü rübündə isə 90.3 faiz göstərilib. Digər növlərin payı həmin dövrlərdə müvafiq olaraq 19.4, 27 və 9.7 faiz təşkil edib.

Ötən il ölkədaxili əməliyyatların avadanlıq növü üzrə bölgüsündə elektron ticarət və mobil tətbiqlərin payı rüblər üzrə ardıcıllıqla 96.9, 99.8, 98.9 və 98.1 faiz olub. Digər avadanlıqların payı isə müvafiq olaraq 3.1, 0.2, 1.1 və 1.9 faiz təşkil edib.

Ölkəxarici əməliyyatlarda elektron ticarət və mobil tətbiqlərin payı 2025-ci ilin birinci rübündə 89.8 faiz, ikinci rübündə 87.1 faiz, üçüncü rübündə 86.6 faiz, dördüncü rübündə isə 96.3 faiz olub. Digər avadanlıqların payı müvafiq olaraq 10.2, 12.9, 13.4 və 3.7 faiz təşkil edib.

AMB-nin təhlillərinə əsasən, fırıldaqçılıq hallarının əksəriyyəti kart istifadəçilərinin şəxsi məlumatlarını kiberdələduzlara təqdim etməsi nəticəsində baş verib.