Ukrayna Rusiya ilə müharibənin dayandırılması istiqamətində ABŞ, Avropa və Rusiyanın iştirakı ilə dördtərəfli görüşün mümkün qədər tez keçirilməsini istəyir. Kiyev danışıqların təşkili üçün artıq sabahdan etibarən hazır olduğunu bəyan edib.
Tribuna.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ukrayna, Avropa, ABŞ və Rusiya arasında dördtərəfli görüşün keçirilməsi üçün bütün imkanlardan istifadə edilməlidir.
“Biz Ukrayna, Avropa, ABŞ və Rusiya arasında dördtərəfli görüşün ən qısa zamanda keçirilməsi üçün hər şeyi etməliyik. Bunu artıq, sözün əsl mənasında, sabah etməyə hazırıq”, – deyə Zelenski vurğulayıb.
Prezident qeyd edib ki, Ukrayna tərəfi belə bir görüşün Milad bayramına qədər, yəni dekabrın 25-dək təşkil olunmasına çalışır.
Zelenskinin sözlərinə görə, danışıqların konkret tarixi ABŞ tərəfinin görüşün gündəliyini bütün iştirakçılarla razılaşdırmasından asılıdır.
Qeyd edək ki, noyabrın 21-də Ukrayna Prezidenti növbəti danışıqların vaxtının məhz bu razılaşdırma prosesindən asılı olacağını bildirmişdi.
Beləliklə, Kiyev müharibənin dayandırılması ilə bağlı diplomatik təmasların genişləndirilməsini və dörd tərəfin eyni masa arxasında görüşməsini təklif edir. Lakin görüşün keçirilməsi və konkret nəticələr əldə olunması hələlik razılaşdırılmayıb.
İmran Kərimli
Tribuna.az









