Bakı ilə Naxçıvanı birləşdirəcək TRIPP layihəsinin başladığı rəsmən elan edildi

Bakı ilə Naxçıvanı birləşdirəcək TRIPP layihəsinin başladığı rəsmən elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin rəsmi fəaliyyətə başladığını bəyan ediblər.

Tribuna.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Hər iki lider videomüraciət vasitəsilə layihənin praktiki icra mərhələsinə keçdiyini açıqlayıblar.

Nikol Paşinyan çıxışında TRIPP-in Ermənistanın müasir tarixində mühüm hadisə olduğunu vurğulayıb. Onun sözlərinə görə, layihə ölkənin müstəqillik əldə etməsindən sonra həyata keçirilən ən böyük iqtisadi proqramlardan biri olacaq.

Baş nazir bildirib ki, təşəbbüs regionda nəqliyyat əlaqələrinin bərpasına, Ermənistanın xarici bazarlara çıxış imkanlarının genişlənməsinə, investisiyaların cəlbinə və biznes mühitinin inkişafına şərait yaradacaq. O, layihənin Azərbaycanla Naxçıvan arasında əlaqənin təmin olunmasına, eləcə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarının genişlənməsinə töhfə verəcəyini qeyd edib.

ABŞ Prezidenti Donald Tramp isə layihənin reallaşdırılmasına görə Nikol Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Qeyd edək ki, TRIPP layihəsi 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə əldə olunan razılaşmalar çərçivəsində nəzərdə tutulub.

Layihənin idarə edilməsi üçün ABŞ və Ermənistanın iştirakı ilə xüsusi şirkətin yaradılması planlaşdırılır. Təklifə əsasən, şirkətdə ABŞ-ın payı 74 faiz, Ermənistanın payı isə 26 faiz təşkil edəcək. Razılaşmanın müddəti uzadılacağı təqdirdə Ermənistanın payının 49 faizə çatdırılması imkanı da nəzərdə tutulur.

TRIPP-in əsas məqsədlərindən biri Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və logistika əlaqəsinin təmin edilməsidir.