Gündə əlavə 1000 addım atmaq infarkt və insult riskini azalda bilər – Araşdırma

Gündə əlavə 1000 addım atmaq infarkt və insult riskini azalda bilər – Araşdırma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gündəlik gəzintiyə cəmi 1000 addım əlavə etmək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər. Araşdırmalar göstərir ki, fiziki aktivliyin artırılması infarkt, insult və ürək çatışmazlığı riskinin azalması ilə əlaqəlidir.

Tribuna.az xəbər verir ki, 2025-ci ildə European Journal of Preventive Cardiology jurnalında dərc olunan araşdırmada gündəlik addım sayının ürək-damar xəstəlikləri ilə əlaqəsi öyrənilib.

Tədqiqatda yüksək qan təzyiqindən əziyyət çəkən 36 192 nəfərin məlumatları təhlil edilib. İştirakçılar yeddi gün ərzində fiziki aktivliklərini ölçən xüsusi cihazlardan istifadə edib, onların sağlamlıq vəziyyəti isə orta hesabla 7,8 il izlənilib.

Nəticələrə görə, gündəlik addım sayının hər 1000 addım artırılması ürək-damar problemlərinin ümumi riskinin orta hesabla 17,1 faiz, ürək çatışmazlığı riskinin 22,4 faiz, infarkt riskinin 9,3 faiz, insult riskinin isə 24,5 faiz aşağı olması ilə əlaqələndirilib.

Alimlər bildirirlər ki, fayda əldə etmək üçün mütləq gündə 10 min addım atmaq tələb olunmur. Araşdırmada gündəlik addım sayının 10 minə qədər artırılması ilə sağlamlıq göstəricilərində müsbət əlaqə müşahidə edilib.

Bununla yanaşı, tədqiqatçılar daha sürətli yeriməyin də ürək-damar sağlamlığı baxımından əhəmiyyətini vurğulayırlar.

Qeyd edək ki, araşdırma müşahidə xarakteri daşıyır. Buna görə də nəticələr əlavə addımların birbaşa infarkt və insultun qarşısını aldığını sübut etmir, lakin fiziki aktivliklə daha aşağı xəstəlik riski arasında əlaqəni göstərir.

Mütəxəssislər gündəlik hərəkətliliyin tədricən artırılmasını, uzun müddət oturaq vəziyyətdə qalmamağı və insanın fiziki imkanlarına uyğun gəzinti rejimi seçməsini tövsiyə edirlər.

İmran Kərimli