Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları aradan qaldırıldıqdan sonra Azərbaycan paraflanmış sülh sazişini imzalamağa hazırdır.
Tribuna.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, sülh sazişinin preambulası və 17 maddəsi beynəlxalq hüququn universal norma və prinsiplərinə əsaslanır. Sazişin mətni hər iki ölkənin vətəndaşları və geniş ictimaiyyət üçün açıqdır.
Onun sözlərinə görə, Azərbaycan tərəfi əvvəldən mövqeyini açıq şəkildə ifadə edib: Ermənistan əsas qanununda Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalıdır ki, sazişə dair son imza atılsın.
C. Bayramov qeyd edib ki, məsələnin nə zaman həll olunacağını müəyyənləşdirmək Azərbaycanın imkanları xaricindədir, çünki bu, Ermənistanın daxili prosesidir.
XİN rəhbəri diqqətə çatdırıb ki, Ermənistanın baş naziri bu gün yeni Konstitusiya mətnini ictimai müzakirəyə təqdim edib. O, Ermənistanın daxili məsələsi olduğu üçün Konstitusiya layihəsinə şərh vermək istəmədiyini, Azərbaycan üçün əsas məqamın yeni mətndə ölkəmizə qarşı ərazi iddialarının yer almaması olduğunu vurğulayıb.
Onun sözlərinə görə, ictimaiyyətə açıqlanan mətndə belə iddiaların olmadığı görünür və Azərbaycan bunu müsbət inkişaf kimi qiymətləndirir.
“Bu prosesin Ermənistanda nə zaman başa çatması artıq Ermənistan rəhbərliyinə və cəmiyyətinə aid məsələdir. Azərbaycan tərəfi həmin inkişafları gözləyəcək. Bu baş verdikdən sonra paraflanmış sülh sazişinin imzalanması üçün hər hansı əlavə problem mövcud olmayacaq”, – nazir bildirib.









