“Azercell”in xidmətləri ilə bağlı vətəndaş şikayətləri artmaqdadır. İstifadəçilər hər gün balanslarından pul çıxıldığını, problemin həlli üçün operatora müraciət etsə də, eyni vəziyyətin təkrarlandığını iddia edirlər.
Tribuna.az xəbər verir ki, bu barədə şikayətçi Eyvaz Fərəcov sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, 28 ildir eyni mobil nömrədən istifadə edir və son aylarda hər gün balansından 40-60 qəpik məbləğində pul çıxılır.
Müştəri qeyd edib ki, məsələ ilə bağlı xidmətə zəng etdikdə, onun hansısa uşaq oyunlarına qoşulduğu bildirilir. Lakin şikayətçi telefonundan yalnız özünün istifadə etdiyini, hər hansı oyuna abunə olmadığını vurğulayır.
O, xidmət vasitəsilə həmin oyunlardan çıxarıldığını bildirsə də, bir neçə gün sonra eyni problemin yenidən yarandığını deyir.
Şikayətçinin sözlərinə görə, problemin təkrar yaşanması onu narahat edir və balansından əsassız pul tutulduğunu düşünür.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul










